Abbas Səhhətin “Vətən” şeiri barədə fikirlərim mövzusunda inşa
Azərbaycan ədəbiyyatının klassik simalarından biri Abbas Səhhətdir. Biz hələ uşaq bağçasından başlayaraq bu sevimli şairin şeirlərini sevə-sevə əzbərləyir, bu əsərlərin məzmun və ahəngi ilə tərbiyələnirik.
Abbas Səhhətin yüksək tərbiyəvi məzmun və kamil formaya malik əsərləri çoxdur. Bunlardan «Vətən» şeiri, xüsusilə diqqəti cəlb edir. Əsər başdan-başa vətən məhəbbəti ilə yoğrulmuş, vətən eşqinin yüksək ifadəsinə çevrilmişdir. Burada müəllif öz fikrini elə aydın və səlis bir dillə ifadə edir ki, şeirin ideyası oxucuya tez çatır, onu həyəcanlandırır, vətənə məhəbbət hissini daha da gücləndirir. Şair burada sadəcə olaraq «Vətəni sevin» deməklə kifayətlənmir, onu nə üçün sevmək lazım olduğu fikrini də yüksək bir sənətkarlıqla əsaslandırır:
Vətənim verdi mənə nanü nəmək,
Vətəni, məncə, unutmaq nə demək?!
Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstündə onu.
Südüdür kim, dolanıb qanım olub,
O, mənim sevgili cananım olub.
Şeirin sonrakı hissəsində müəllif göstərir ki, vətəni təkcə sevmək azdır, onu göz bəbəyi kimi qorumaq, vətən uğrunda canından keçməyə hazır olmaq da hər bir vətən övladının borcu, amalı olmalıdır. Vətənin hər qarışı müqəddəsdir, əzizdir, çünki burada ata-babalarımız dəfn olunmuşdur, çünki bura övladlarımızın yurdu, yuvası, məskənidir. Vətəni heç vaxt unutmaq olmaz, onu sevməyənlər yalnız vicdanını itirmiş şəxslər ola bilərlər. Vətənpərvər şair də əsərin sonunda bu fikri qabarıq bir şəkildə nəzərə çarpdırır:
Olsa, ol şəxsdə vicdan olmaz.