Azərbaycan bütün dünya azərbaycanlılarının vətənidir mövzusunda inşa
«Mühacirəti bir yerə toplamağa səy ediniz, bu, mühümdür». Bu sözlər Azərbaycan mühacirətinin parlaq simalarından biri, istiqlal aşiqi, istedadlı yazıçı-publisist, naşir, tərcüməçi, tədqiqatçı Ceyhun Hacıbəylinin ölümündən üç gün əvvəl – 1962-ci ilin 19 oktyabrında yazdığı və Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu Daxili işlər naziri Mustafa Vəkiloğluna ünvanladığı məktubundan götürülmüşdür. Söz yox ki, mərhum Ceyhun bəy mühacirətin bir yerə toplanması dedikdə, dünya azərbaycanlılarının bir bayraq altında birləşməsini nəzərdə tutur, bunu mühüm bir vəzifə sayırdı.
Azərbaycan bütün dünya azərbaycanlılarının Vətənidir. Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq, dünya sivilizasiyasına böyük töhfələr vermişdir. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, bir-birindən ayrı düşmüşdür. Iş tapmaq, təhsil almaq məqsədilə doğma yurdu tərk edərək başqa ölkələrdə qərar tutub yaşayan azərbaycanlılar da vardır. Lakin azərbaycanlı şəxs harada olursa olsun, onun vətəni Azərbaycandır, qəlbi həmişə vətənlə – Azərbaycanla döyünür. Burada hörmətli ulu öndərimiz Heydər Əliyev cənablarının aşağıdakı sözləri yadıma düşür:
«Bizim hamımızın bir vətəni var. Bu, Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli adət-ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla, müstəqil Azərbaycanla bir vurmalıdır».
Azərbaycanın XX əsrin sonunda müstəqillik əldə etməsi xalqımızın ən böyük tarixi müvəffəqiyyəti oldu. Azərbaycanda 1989-cu ildən başlayan milli azadlıq hərəkatı xaricdə yaşayan və illər uzunu həsrətində qaldığımız bacıqardaşlarımız arasında da milli oyanış, milli özünüdərk hissləri yaratdı. Son dövrlərin ən böyük hadisəsi isə 2001-ci ilin noyabr ayında Azərbaycan tarixində ilk dəfə olaraq Bakıda keçirilən Dünya Azərbaycanlılarının I qurultayı oldu. Böyük ruh yüksəkliyi və təntənə ilə yadda qalan qurultay göstərdi ki, bu gün hər hansı bir ölkədə yaşamasından asılı olmayaraq, ürəyi Vətən eşqi ilə döyünən hər bir azərbaycanlı dövlət müstəqilliyimizi qorumağı və möhkəmləndirməyi özünə borc saymalı, kənarda bu diyarı şərəflə təmsil etməlidir. Qurultay onu da qeyd etdi ki, müstəqil Azərbaycan dövləti xaricdəki soydaşlarımızın hüquq və milli-mənəvi azadlıqlarını həmişə qoruyacaq və onları dəstəkləyəcəkdir.
Dünya azərbaycanlıları müstəqil vətənimizin Dövlət rəmzləri olan bayrağımız, gerbimiz və himnimizlə fəxr edə bilərlər. Azərbaycan onların da əziz və sevimli vətənidir.