Azərbaycanın gələcəyini nədə görürəm? mövzusunda inşa
Azərbaycan! Başımın tacı, qolumun gücü, gözümün nuru. Ana yurdum, doğma vətən! Vəsfinə nə qədər şeirlər yazılıb, nəğmələr bəstələnsə də yenə azdır, mənim ana vətənim, anamın vətəni Azərbaycan!
Azad ölkənin vətəndaşı da azad olur. Bu gün mənim qəlbim qürurla döyünür, çünki azad və müstəqil bir məmləkətin azad vətəndaşı – azərbaycanlıyam.
«Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycaniıyam.»
Heydər Əliyev
Müqəddəs torpağım Odlar Yurdu – doğma Azərbaycanım! Bəlkə mənim sənə olan bu sonsuz və tükənməz məhəbbətim sənin isti qucağından, odlu nəfəsindən aldığım gücdür, qüvvədir. Azad yurdum Azərbaycan! Sənin bu müstəqilliyin millətimin igid övladlarının qanı, canı hesabına əldə edildi. Odur ki, vətənimizi, onun suverenlik və müstəqilliyini daim əldə saxlamaq üçün əlimizdən gələnləri etməliyik. Azad və qüvvətli bir ölkəni yaşatmaq üçün onun işıqlı gələcəyinə inam hisslərimizi gücləndirib, bütün qüvvələrimizi səfərbər etməliyik.
Yolunda can qoysaq bu vətən batmayacaqdır.
Qəlbimizin nuru, ziyası, gözüdür vətən,
Bu vətən qələbə müjdəsi gözləyir bizdən.
Vətənimizin gələcəyi, amalı və abadlığı biz vətəndaşlarının əlindədir. Vətənin güclü ordusu, yenilməz, qeyrətli əsgəri, mərd oğulları, düşünən beyini varsa o vətən basılmaz, məğlubolunmazdır.
Bütün bu fikirlər məni «Azərbaycanın gələcəyini necə görürəm?» sualına cavab tapmağa, düşünməyə sövq edir. Bu gələcək biz yeniyetmə və gənclərin əlindədir. Biz aldığımız savad və təhsillə keçmişimizi öyrənib gələcəyimizi qurmalı və onu layiqincə yaşatmalıyıq. Bu sahədə mərhum Prezidentimiz Heydər Əliyev öz çıxış və məruzələrində gənclərimizə böyük dəstək olduğunu vurğulayırdı. O, deyirdi ki, bizim qüdrətli dövlətimiz var. Onun daha da inkişaf etməsi siz gənclərdən çox asılıdır. Ona görə də gənclər bir çox çətinliklərə baxmayaraq gərək təhsillənsinlər, savad və elmə yiyələnsinlər.
Ulu öndərimiz Heydər Əliyev tərəfindən Azərbaycanımıza bəxş edilmiş tarixi perspektivi onun siyasi varisi olan möhtərəm prezidentimiz ilham Əliyev layiqincə davam və inkişaf etdirir.
Ölkə başçısının apardığı daxili və xarici siyasət ölkəmizin daha işıqlı nurlu gələcəyindən xəbər verir.