Biz vətənin sabahıyıq mövzusunda inşa
Adətən, söhbət gənclikdən düşdükdə göz önündə gələcək canlanır. Biz gənclər Vətənin sabahının, gələcəyinin qurucularıyıq. Vətənin sabahının işıqlı, gələcəyinin parlaq olması bu gün ölkədə fıziki və mənəvi cəhətdən sağlam, dünyada gedən prosesləri qavraya bilən, müasir texnologiyalarla işləməyi bacaran, əqidəli gənclərin yetişməsindən çox asılıdır.
Müstəqil Azərbaycan gənclər ölkəsi hesab olunur. Respublikamızın əhalisinin yarıdan çoxunu gənclər, yeniyetmələr və uşaqlar təşkil edir. Buna görə də ölkəmizdə böyüməkdə olan nəsil hər cür qayğı ilə əhatə olunub, dövlət tərəfindən gənclərin asudə vaxtlarının təşkilinə, fiziki və peşə hazırlığına, mədəni səviyyələrinin yüksəldilməsinə hərtərəfli qayğı göstərilir. 1994-cü ildə ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Gənclər və İdman Nazirliyi yaradılmış, bununla da gənclər siyasəti dövlət siyasəti səviyyəsinə yüksəldilmişdir. Gənclər siyasətini həyata keçirən belə bir nazirliyin yaradılması respublikamızda böyük qüvvə olan gənclərin təşkilatlanmasında, onların potensialından müstəqil Azərbaycanın mənafeyi naminə səmərəli istifadə olunmasında mühüm amilə çevrilmişdir. Nazirliyin xətti ilə ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması, gənclərin ideya tərbiyəsinin möhkəmləndirilməsi, onların xalqımızın ən yaxşı ənənələri ruhunda formalaşmaları, müasir bəşəri dəyərlərə yiyələnmələri üçün məqsədyönlü tədbirlər həyata keçirilir.
Dövlətimizin ölkədə təhsil sisteminin yeniləşməsinə göstərdiyi qayğı barədə ayrıca söhbət açmaq gərəkdir. Mütəfəkkir insanlar təhsilsiz cəmiyyəti qaranlıq tunelə bənzətmişlər. XXI əsrdə isə tələb başqadır. İndi adi təhsillə kifayətlənmək mümkün deyil. Buna görə də dövlətimiz təhsil sahəsində siyasəti belə müəyyənləşdirib: respublikanın iqtisadi potensialı insan potensialına çevrilməlidir. Son illərdə ölkəmizdə məktəb tikintisinin vüsət alması, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, dərsliklərin uşaqlara pulsuz paylanması və başqa belə tədbirlər təhsilə dövlət qayğısının ifadəsidir.
Ölkədə gənclərlə işin mühüm bir istiqamətini hərbi-vətənpərvərlik mövzusunun geniş surətdə təbliğ olunması təşkil edir. Bu da respublikamızın qonşu Ermənistanla müharibə şəraitində olması, torpaqlarımızın 20 faizinin işğal altında qalması, bir milyon soydaşımızın dədə-baba torpaqlarından qaçqın düşməsi ilə bağlıdır. Gənclərin devizi belədir. Biz gec-tez torpaqlarımızı düşmən tapdağından azad etməliyik! Böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqəti artırmaq, şagirdləri hərbi-idman oyunlarına geniş cəlb etmək məqsədilə hər il məktəblilər arasında «Şahin», «Marş, irəli», «Vətənin müdafıəsinə hazıram», «Cəsurlar» kimi hərbi-idman oyunları təşkil edilir.
1996-cı ildə Azərbaycan gənclərinin həyatında əlamətdar hadisə baş verdi. Həmin il fevralın 2-də Bakı şəhərində respublika gənclərinin I Forumu təşkil olundu. Azərbaycan gənclərinin ən fəal hissəsinin qatıldığı forumda iştirakçılar arzularını bildirdilər, ölkənin ictimai-siyasi həyatında fəal surətdə iştirak etmək arzulannı dilə gətirdilər. 1997-ci ildən etibarən gənclərin I Forumunun keçirildiyi 2 fevral ölkəmizdə Gənclər Günü kimi qeyd olunur. Bu, müstəqil Azərbaycanın sabahının qurucuları üçün çox əziz, əlamətdar bir gündür.
Ölkəmizdə gənclərlə aparılan məqsədyönlü iş öz bəhrəsini verməkdədir. Respublika gənclərinin II Forumunda vurğulandığı kimi, artıq Azərbaycan gəncləri təşkilatlanıb, birləşib, cəmiyyətdə öz yerlərini tutub və müstəqil Azərbaycanın inkişaf etməsi üçün lazımi işlər görürlər. Belə ki, bu gün Azərbaycan gəncləri müxtəlif dövlət orqanlarında, icra strukturlannda geniş təmsil olunur, özəl bölmədə uğurlar qazanır, mükəmməl təhsil almağa böyük maraq göstərirlər. Müstəqil respublikamızın ordu quruculuğunda gənclərin rolu əvəzsizdir. Onlar Vətən qarşısında borclarını ləyaqətlə yerinə yetirmək üçün həvəslə orduya xidmətə gedir, hərbi texnikanın sirlərinə mükəmməl yiyələnirlər. Bütün bunlar müstəqil Azərbaycanın sabahına nikbin baxmağa əsas verir.