Ə.Məmmədxanlının «Qızıl qönçələr» əsərinin təhlili mövzusunda inşa
Görkəmli Azərbaycan yazıçısı Ə.Məmmədxanlı Vətənə məhəbbət, zülmə, haqsızlığa nifrət ruhunda qələmə alınmış çoxlu əsərlərin müəllifidir. Ədibin sevilə-sevilə mütaliə edilən və böyük təsir gücünə malik belə əsərlərindən biri də «Qızıl qönçələr» hekayəsidir.
Müəllif hekayədə dərin ümumiləşdirmə apararaq Firuz babanın və onun nəvəsi Sürəyyanın timsalında cəmiyyətdəki qeyri-bərabərliyi, haqsızlığın insanların həyatına gətirdiyi çətinlikləri yığcam bədii lövhələrlə açıb göstərmişdir.
Firuz baba, Sürəyya zülmün imtahana çəkdiyi, ağır zəhmət hesabına bir qarın çörəyi güclə qazanan binəsiblərdən biridir. Cəmiyyətdəki sosial ədalətsizlik bu binəsibləri əzir, onlar insan ömrü yaşamırlar, həyatları məşəqqətlər içərisində keçir. Firuz kişi yaşı ötsə də, ağır zəhmətə qatlaşmağa məhkumdur. Lakin o nə qədər çox çalışsa da, sabaha heç bir ümidi yoxdur. Çünki qazancı balaca ailənin ən adi ehtiyaclarını ödəməyə belə çatmır. Onlar nəm çəkən zirzəmidə ömür-gün çürüdürlər. Zirzəminin nəmişliyi Firuz kişinin həyatda yeganə ümidi olan balaca Sürəyyanın iki ayağını şikəst etmişdir. Hələ bu da hamısı deyil. Həyat o qədər ağır, yaşayış o qədər çətindir ki, Firuz kişi şikəst nəvəsini də xalça karxanasında işləməyə göndərir. Fəqət bu balaca ailə yenə qarındolusu yeməyə çörək, nəm zirzəmini isitməyə odun tapa bilmir.
Hekayənin süjet xətti dramatik tərzdə inkişaf edir. Gecələr soyuq, nəm zirzəmidə titrəyən nəvəsinin gözlərinə baxanda xəcalət çəkən Firuz kişi bir gün daha çox işləyib bir qədər artıq pul qazanmaq ümidi ilə evdən tez çıxır. Lakin onun heydən düşmüş bədəni yaşına uyğun gəlməyən ağır yükə tab gətirmir. Firuz kişi anbarda yıxılır və həyata əlvida deyir.
Beləliklə, iki ayaqdan şikəst Sürəyya həyatda yeganə dayaqdan məhrum qalır. Çətin həyatda ona əl tutacaq, dayaq duracaq bir kimsəsi yoxdur. O müdhiş gecədə təbiət də sanki bu balaca qızcığaza qarşı amansız olmuşdu. Hava bərk soyuq idi, quşbaşı qar yağırdı. Bu havada gecə səhərədək babasını gözləyə-gözləyə xalça karxanasının qarşısında qalan Sürəyya donaraq ölür.
Nə idi Firuz kişinin günahı? Nə üçün balaca Sürəyyanın həyatı o hələ qönçə ikən soldu? İnsanların belə ağır həyatı nə vaxtadək davam edəcəkdi? Yazıçı əsərin sonunda bu kimi suallara nikbin cavab verir. Bu cəhətdən qoca nəqqaşın dediyi sözlər rəmzi səslənir. O deyir: «Yox, bu cür davam edə bilməz! O gəfil gələcəkdir!.. Günəş doğacaq, qönçələr açılacaqdır!..»