Əgər mən məktəb direktoru olsaydım mövzusunda inşa
İnsan dünyaya göz açıb həyatı dərk etdiyi andan arzularla yaşayır.
Qoy onsuz keçməsin ömrüm bircə an.
Deyin, ondan şirin həyatda nə var?
Gəncliyi yaşadan, qanadlandıran
Arzulardır… Arzulardır… Arzular!
Arzular insanı yaşamağa, yaratmağa həvəsləndirir. İnsan həmişə irəliyə getməyə, yüksəlməyə can atır.
Hər kəs öz xəyalında gələcəyini qurarkən özünü bəzən yüksək vəzifələrdə, yüksək kürsülərdə təsəvvür edir. Mən təhsil aldığım məktəbdə direktorumuzun işini, zəhmətini müəllim və şagirdlər üçün necə can yandırdığını görəndə fikirləşirəm ki, mən məktəb direktoru olsaydım nə edərdim?
Mən məktəb direktoru olsaydım kollektivdə gözəl ab-hava yaradardım. Çalışardım ki, səmimi, mehriban kollektivim olsun. Belə kollektiv olarsa, istədiyinə nail olarsan. Möhkəm nizam-intizam yaradar, məktəbin daxili intizam qaydalarına əməl etmələrini tələb edərdim.
Məktəbi müasir texniki təlim vasitələri ilə təmin edərdim. Tez-tez açıq dərslər təşkil edər və həmin dərslərdə müəllimlərlə yanaşı, valideyinlərin də iştirakını təmin edərdim. Bu da məktəbin valideynlərlə əlaqəsini daha möhkəm edər və şagirdlərin daha çox çalışmalarına səbəb olar.
Fənn olimpiadaları, idman yarışları təşkil edər, diskusiyalar keçirərdim. Xüsusi qabiliyyəti və istedadı olan şagirdlərin üzə çıxmasına çalışardım.
Məktəbdə tez-tez əl işlərinin sərgisini təşkil edərdim. Gənclərimizi vətənpərvərlik ruhunda böyütmək, vətəni sevmək ruhunda tərbiyə etmək, təbiəti sevmək və qorumaq və s. tədbirlər keçirilməsini təşkil edərdim.
Vəzifəmdən şəxsi mənafeyim üçün istifadə etməzdim. Müəllim və şagird kollektivinin hörmət və rəğbətini qazanmağa çalışardım. Şagirdlərin gələcəyini düzgün qurmaları üçün peşə hazırlığı və təhsillərini davam etdirmək üçün müəllimlərin şagirdlərlə əlavə məşğul olmalarını təşkil edərdim.
Mən çalışacağam ki, bu xəyallarım gerçəkləşsin və mən özümü işimlə təsdiqləyim.