El bilir ki, sən mənimsən mövzusunda inşa
Azərbaycan canımla, duyğularımla, bütün varlığımla bağlı olduğum gözəl məkan, mənim doğma diyarım. Azərbaycan – mənim Vətənim, mənim anam, gücüm, qüvvətim, yenilməzliyim, həyata bağlılığım, yaşamaq istəyim.
Ölməz şairimiz Səməd Vurğun «Azərbaycan» şeirində necə də iftixarla söyləyib:
Yurdum, yuvam məskənimsən,
Ayrılarmı könül candan
Azərbaycan, Azərbaycan!
Vətənim günəşli Azərbaycanın başı qarlı dağları, sıx meşələri, göz işlədikcə uzanan düzləri var. Ceyran, cüyür məskəni, kəklik, turac oylağıdır bu yerlər. Azərbaycan deyəndə gözlərimin önündə təbiətin incisi Göygöl, Kəpəz, Qoşqar, İsa bulağı, Cıdır düzü, Kür, Araz çayları, mavi Xəzərin qızıl qumlu sahilləri canlanır. Vətənimin hər guşəsində tarixin yaddaşı olan daş incilər qərar tutub. Mömünə Xatun türbəsi, Qız qalası, Şirvanşahlar sarayı, içərişəhərin qala divarları… incə memar təxəyyülünün, mahir usta əllərinin vəhdətindən yaranan ölməz abidələrdir. Vətənimin insanı heyran qoyan əsrarəngiz təbiəti ilmələrlə Qarabağ, Şirvan, Bakı xalçalarına köçürülüb və bu xalçalar dünyanın ən məşhur muzeylərinin bəzəyinə çevrilib. Açıq səma altında muzey – Qobustan qaya rəsmləri əcdadlarımızın məişətini, dünyaya baxışlarını əks etdirir və keçmişimizi bu günümüzə calayır.
Torpağımızın altı da, üstü də zəngin xəzinədir. Bərəkətli torpağımız bol pambıq, taxıl, başqa sərvətlər yetişdirir. Azərbaycan ta qədimdən «qara qızıl» məskəni kimi tanınır. Dünyada açıq dənizdə neft çıxarılmasının təməli burada qoyulmuşdur. Azərbaycan neftçiləri şıltaq Xəzəri ram edərək onun qoynunda əfsanəvi «Neft Daşları» şəhərini salmışlar.
Vətənimin paytaxtı Bakı dünyanın ən gözəl şəhərlərindəndir. Burada qədimliklə müasiriik qovuşaraq heyranedici vəhdət yaradır. Bakının beşiyi İçərişəhər qədim yaşayış məskənidir. Onun hər daşında şəhərsalma mədəniyyətimiz, tariximiz yaşayır. Qala divarlarından kənarda salınan bayır şəhər məmləkətimizin müasir inkişafını özündə əks etdirir. Bakı buxtasında, bilavasitə dənizdə yaradılan və 100 metrdən artıq hündürlüyə qalxan fəvvarə, müasir göydələnlər, körpülər yolötürücüləri şəhərimizin yeni gözəllik rəmzləridir. Dağüstü hissədən şəhər əliçi kimi görünür. «Azneft» meydanının yaxınlığında Dənizkənarı milli parkda ucalan üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Bu, gələcəyə doğru inamlı addımlar atan Azərbaycanın müstəqilliyinin, dönməzliyinin təsdiqidir.
Vətənim Azərbaycan görkəmli söz ustadları yetişdirmişdir. Nizaminin, Füzulinin, Nəsiminin, Şəhriyarın yaratdığı gözəl şeir, sənət nümunələri dünya ədəbiyyatının inciləri sayılır.
Məmləkətimiz tarixən qəhrəmanlar məskəni kimi tanınmışdır. Yurdun Koroğlu, Nəbi, Tomris, Həcər timsallı mərd oğul və qızlan zaman-zaman silaha sarılaraq yağıların Vətən torpağına ayaq basmalarına imkan verməmişlər. Burada Dədə Qorqud qopuz çalmış, söz söyləmiş, dastan qoşmuş, əcdadlarımız oğuzlar at sürmüş, ov etmiş, igidliklə ad-san qazanmışlar.
Ənənələr bu gün də yaşayır. Azərbaycanın yüzlərlə igid övladı Vətənin azadlığı, dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişlər. Bakının ən uca yerində müqəddəs bir məkan var – Şəhidlər xiyabanı. Hər gün qəlbində Vətən eşqi yaşadan insanlar bura təşrif gətirərək qəhrəman şəhidlərin əziz xatirəsinə dərin ehtiramlarını ifadə edirlər.
Bütün bunlar gözəl Vətənimizin rəngləridir. Torpağımızda cəm olan, qərinələr ötdükcə zənginləşən maddi və mədəni irs, qəhrəmanlıq ənənələri Vətənin övladlarında haqlı iftixar hissi oyadır, onları daha möhkəm tellərlə Vətənə, torpağa bağlayır.
Bu mənim qəlbimin dərinliklərindən gələn səmimi duyğuların, dünyaya ünvanlanan gur səsimdir. Biz ikimiz qoşa qanadıq, həmişə, hər yerdə birlikdəyik.