Əsl vətəndaş hansı keyfiyyətlərə malik olmalıdır mövzusunda inşa

Vətən! Geniş anlayışdır. Vətən! Vətəndaş! Birinci növbədə bu sözlərin, bu məfhumların mənasını düzgün başa düşmək lazımdır. Əgər bunları düzgün anlasaq, demək bizdən vətəndaş olar.

Vətən daşı olmayandan
Olmaz ölkə vətəndaşı.

İkinci növbədə insan hansı əxlaqi keyfiyyətlərə malik olmalıdır. Bunu bilməliyik, bu əxlaqi keyfiyyətlər isə həyatda qazanılır. Bunun bünövrəsi ailədə qoyulur. Uşaq ailədən cəmiyyətə gəlincə müəyyən mərhələlərdən keçir. Ailədən bağçaya, bağçadan məktəbə, məktəbdən cəmiyyətə – müstəqil həyata qədəm qoyur. Elə hər şey də buradan başlayır.
Əgər bu gün uşaq ailədə ata-ananı sevməyi, böyüklərə və kiçiklərə hörmət etməyi bacarırsa, sabah vətənini də sevməyi bacaracaq.
«Vətən», «Ana» ilk dəfə əlimizə qələm alıb yazdığımız sözlərdir. Bu sözlər əbəs yerə qoşa yazılmır. Bu tarixin sınağından keçmişdir.
Əsl vətəndaş o demək deyildir ki, hər kəs əlinə silah alıb səngərdə vuruşmalıdır. Əsl vətəndaş vətənini sevməyi bacarmalıdır. Dilini, dinini, vətəninin ərazi bütövlüyünü qorumağı bacarmalıdır. Dövlətin atributlarını bilməli, dövlət qanunlarına hörmətlə yanaşmalı, vətənin sərvətini göz bəbəyi kimi qorumağı bacarmalıdır. Ən əsası odur ki, həyatda yerini düzgün tutmalıdır.
Bu gün mən şagirdəm. Əgər dərslərimi yaxşı oxuyuramsa, müəllimlərimin tapşırıqlarını vaxtlı-vaxtında yerinə yetirir, öz üzərimə düşən vəzifəni bilirəmsə, demək, mən də vətənim üçün nə isə edirəm. Mən bu günün şagirdi, sabahın qurucusuyam. Əsl vətəndaş lazım gələndə canını qurban verməyi bacarmalıdır.

Can qurban etmənin vaxtı çatıbsa,
Səndən hansı namərd əsirgəyər can?
Qoyaram başımı ayaqlarına,
Ey ana torpağım! Ey Azərbaycan!

Bu təkcə mənim fikrim yox, mənim kimi bütün gənclərin fikridir. Biz hər an vətənin keşiyindəyik, hər an canımızla, qanımızla onu müdafiə etməyə hazırıq.

Bu bloq yazısını dəyərləndir

Related Articles

Back to top button