Həyatda kimdən nümunə götürmək istərdim mövzusunda inşa
İnsan üçün ən yaxşı tərbiyə vasitələrindən biri şəxsi nümunədir. Gördüyümüz, münasibətdə olduğumuz yaxşı adamlar, gözəl insanlar bizim üçün gözəl nümunəyə çevrilir, tərbiyə məktəbi olurlar. Biz belə insanlara oxşamağa çalışmaqla özümüzü tərbiyə edir, mənəvi yüksəlişə can atırıq.
Mənim həyatda ən sevimli şəxslərim öz müəllimlərimdir. Mən öz müəllimlərimi çox sevir, onlardan nümunə götürürəm. Bu həm də mənim müəllim sənətinə olan məhəbbətimdən irəli gəlir. Mən müəllimlik sənətindən şərəfli heç nə qəbul edə bilmirəm. Mərhum prezidentimiz Heydər Əliyevin dediyi kimi, «Müəllim vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, ən bilikli, zəkalı, tərbiyəli vətənpərvər vətəndaşlar yetirir.» Bəli, bu, doğrudan da belədir. Müəllim ömrü bir çırağa bənzər. Sönənə qədər bilik dolu hərarətini şagirdinin duyğularına, idrakına hopdurur. Müəllim ömrü bir Aya bənzər. O, şagirdin mənəvi dünyasındakı qaranlıqları öz işığı ilə əridir və nurlandırır.
Səadət tapıbdır onu içən kəs.
Yaxşı müəllimdən yaxşı dərs alan,
Həyatda heç vədə büdrəyə bilməz.
Görkəmli şairimiz Cavad Cavadlının müəllim haqqında dediyi bu kəlmələr mənim ürəyimdən xəbər verir və bir şeyə inanıram ki, həqiqətən yaxşı müəllimin pis şagirdi ola bilməz. Çünki yaxşı müəllim ən pis şagirdi belə öz təsiri altına alıb tərbiyə etməyə, onu əsl insana çevirməyə qadirdir. Mənim də müəllimlərim belə şəxslərdir. Onlar pərvanə tək başımıza dolanır, bizdən ötrü özlərini oda vurmaqdan çəkinmirlər. Onlar bizə öz doğma balaları kimi yanaşır, ağrımızı öz ağrıları, sevincimizi öz sevincləri kimi qəbul edirlər. Heç yadımdan çıxmaz ədəbiyyat müəllimimiz məni keçmiş dərsi danışmaq üçün lövhəyə çağırdı. Böyük şövqlə dərsi danışmağa başladım. Mən dərsi danışdıqca müəllimə fikir verirdim. Onun üzündə elə bir məmnunluq duyğusu, elə bir nur var idi ki, ona baxan şəxs onun həmin anda ən xoşbəxt insan olduğunu fikirləşərdi. Mənim dərsi yaxşı danışmağım müəllimi göyün yeddinci qatına qaldırmışdı. Belə müəllimi sevməmək, onu nümunə kimi qəbul etməmək mümkündürmü? Əsla yox.
Mən bu gün adicə şagirdəm. Qəlbim arzularla doludur. Gələcəkdə yazıçı ola bilsəm, öz şah əsərimi müəllimlərim haqqında yazacağam, heykəltaraş ola bilsəm, müəllimlərimin bütün daxili və xarici gözəlliklərini əks etdirməyə qadir olan bir müəllim heykəli yaradacağam, bir rəssam ola bilsəm, elə bir gözəl müəllim portreti çəkəcəyəm ki, baxan kimi hamı onun öz ülvi əməlləri ilə məlakələrdən yüksəkdə durduğunu görə bilsin.
Hamısı zəhmətdən gəlibdir başa.
Hara baxıramsa, müəllimim, sənin,
Arzunu günəşlə görürəm qoşa.