İnsanı əmək ucaldır mövzusunda inşa

«İş insanın cövhəridir», «işləməyən dişləməz»… Qərinələrin sınağından çıxmış, cilalanaraq müasir zəmanəmizə gəlib çatmış bu kimi ifadələr əməyin insan həyatında böyük rol oynadığını təsdiqləyir. İnsanın min illər bundan əvvəlki ibtidai yaşayış tərzi ilə bugünkü həyat səviyyəsini müqayisə edək. Fərq, necə deyərlər, yerlə göy qədərdir. indi insanlar kosmosa yol açmışlar. Uzaq şəhərlər, ölkələr arasındakı məsafəni cəmi bir neçə saata dəf etmək mümkündür. İri şəhərlərdə yeraltı yollar çəkilir, mərtəbələrinin sayı 100-ə yaxınlaşan göydələnlər inşa edilir. internet bütün dünyanı eyni bir şəbəkədə birləşdirir, Yer üzündə inkişafın yüksək səviyyəyə çatmasını təsdiqləyən belə misalların sayı çoxdur. Min illər boyu bundan əvvəl həyatı davam etdirmək üçün odu mağarada qoruyub saxlayan, ağacdan, daşdan ilk əmək alətləri hazırlayan insan belə yüksək inkişaf səviyyəsinə əməyin sayəsində çatmışdır. Əmək insanı təkmilləşdirmiş, onu ali varlığa çevirmişdir.
Əmək bütövlükdə insan cəmiyyətini dəyişdiyi kimi, hər bir fərdin həyatında da mühüm rol oynayır. Əməyə xor baxanlar həmişə başqalanna möhtac qalırlar. Əksinə, kim ki, zəhmət çəkir, tər tökür, o, el-oba içində hörmət-izzət qazanır. Dahi Nizaminin ustalıqla qələmə aldığı «Kərpickəsen kişinin dastanı» əsərindəki səhnəni göz önünə gətirək. Həyatın mənasını zəhmətdə görən, alın təri ilə çörək qazanan qoca kərpickəsən kişi vüqarlıdır, o, bir kimsədən asılı olmadığına görə özünü xoşbəxt sanır. Qocanın müdrik cavabı bu yaşda zəhmətə qatlaşmağı ona irad tutan gəncin üzünə sərt sillə kimi dəyir, onu utandınr.
Həyatda belə misallar çoxdur. Biz zəhmətə qatlaşıb seçdiyi sənətin bütün sirlərinə yiyələnən çoxlu əmək qəhrəmanları tanıyırıq. Onlar fədakar əməkləri sayəsində böyük nailiyyətlər qazanaraq xalqımızın iftixar rəmzinə çevrilmişlər.
Belə əmək qəhrəmanlarından biri haqqında söhbət açmaq istəyirəm. Onu bütün Azərbaycanda sadəcə neftçi Qurban kimi tanıyırlar. Neftçi Qurbanın həyatı hamı üçün ibrətamiz məqamlarla zəngindir.
Azərbaycan dünyada «Neft akademiyası» kimi tanınır. 1949-cu ildə dünya Azərbaycan neftçilərinin daha bir möcüzəsinin şahidi oldu. Həmin il noyabrın 7-də mavi Xəzərin qoynundakı «Neft Daşlan» yatağından neft fontan vurdu. Bununla da dünyada ilk dəfə Azərbaycanda açıq dənizdə «qara qızıl» hasilatına başlanıldı. Bu, dünya neft sənayesinin inkişafında misilsiz bir hadisə idi. Heç təsadüfi deyildir ki, «Neft Daşları»nı həm də «Dünyanın səkkizinci möcüzəsi» adlandırırlar.
Polad dirəklər üzərində əfsanəvi şəhəri yaradanlardan biri də haqqında söhbət açdığımız neftçi Qurban idi. Zəhmətə bağlılığı, seçdiyi peşənin sirlərinə mükəmməl yiyələnməsi, çətinliklərdən qorxmaması həmkarlarında neftçi Qurbana qarşı dərin inam oyatmışdı. Elə buna görə də açıq dənizdə ilk neft quyusunun qazılması məhz gənc buruq ustasına həvalə edilmişdi. Açıq dənizdə qazılan və dərinliyi 942 metrə çatan ilk quyudan gündə 100 tona yaxın neft çıxarılırdı. Neftçi Qurban, əlbəttə ki, tək deyildi. Dənizi fəth edənlər arasında S.Orucov, X.Bayramov, N.Kaveroçkin, A.ƏIiyev, V.Hacıyev kimi qəhrəman neftçilər var idi.
Səadətini əməkdə axtarması neftçi Qurbana gənc yaşlarından böyük uğur, şan-şöhrət gətirmişdir. Ona bir sıra mühüm vəzifələr həvalə olunmuşdu. Neftçi Qurban uzun müddət dəniz neftçilərinə rəhbərlik etmişdir. O, hansı vəzifəsini tutmasından asılı olmayaraq həmişə etimadı doğraltmağa, Vətənə daha çox fayda verməyə çalışırdı.
Neftçi Qurbanın əməyi layiqincə qiymətləndirilmişdir. Təkcə belə bir faktı vurğulamaq kifayətdir kı, 32 yaşında olanda ona keçmiş ittifaq məkanında ən yüksək ad – Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. Onun sinəsini «Qızıl Ulduz» bəzəyirdi.
Neftçi Qurban həm keçmiş SSRİ-nin, həm də Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı idi. Neftçi Qurban dənizdə əmək fəaliyyətinin 50 illik yubileyi münasibəti ilə müstəqil Azərbaycanın ən yüksək mükafatına – Şöhrət ordeninə layiq görülmüşdü və o bunu həyatında ən əlamətdar hadisə sanırdı.
Halal zəhməti ilə yüksələn neftçi Qurbanın adı Azərbaycan üçün baş ucalığıdır. Xalqımız onun xatirəsini uca tutur. Bu gün mavi Xəzərin qoynunda üzən krana əfsanəvi neftçinin adı verilib. Bundan başqa, onun xatirəsi həm də bir sıra məktəblərin, küçələrin adında əbədiləşdirilib. Neftçi Qurbanın xatirəsinə ən böyük ehtiram isə neftçiler ordusunun hər bir üzvünün onu minnətdarlıq hissi ilə xatırlaması, zəngin və mənalı yol keçən əmək qəhrəmanını, görkəmli buruq ustasının özünün müəllimi hesab etməsidir.

Bu bloq yazısını dəyərləndir

Related Articles

Back to top button