“Kitabi-Dədə Qorqud” dastanı xalqımızın söz abidəsidir mövzusunda inşa

Təkcə Azərbaycan xalqının deyil, bütün turk dünyasının möhtəşəm və əzəmətli tarixini yaşadan, onu bu günümüzlə qovuşduran ulu sənət nümunələrindən biri və həm də birincisi «Kitabi-Dədə Qorqud» eposudur. Bu bədii söz xəzinəsı türk xalqlarının tarixi salnaməsi, həyat ensiklopediyasıdır. «Kitabi-Dədə Qorqud» monumental sənət abidəsi, söz gövhəri, bəşəri bir «Oğuznamə»dir.
Elm aləminə «Kitabi-Dədə Qorqud» eposunun iki əlyazması məlumdur. Bu əlvazmaların biri və daha mükəmməli Almaniyanın Drezdən muzeyində saxlanılır. Bu əlyazma giriş və on iki boydan ibarətdir. Əsərin ikinci əlyazması Vatikan muzeyindədir. Vatikan əlyazması girişdən və yalnız altı boydan ibarətdır.
«Kitabi-Dədə Qorqud» bahadırlıq və qəhrəmanlıq dastanıdır. Buradakı boylar orta əsrlərin ilkin çağlarının həyatı ilə səsləşir. Əhvalatlar el ağsaqqalı, el olanı Dədə Qorqudun dilindən söylənilır. Əsərdə oğuzların hərbi yürüşləri, inam və görüşləri, barış və savaşları, adət və ənənələri, köçəri və oturaq həyatı bədii şəkildə öz əksini tapmışdır.
Oğuz elinin başçısı Qamğan oğlu Bayandır xandır. Onun əsərdə yalnız adı çəkilir. Onunla bağlı heç bir əhvalat söylənilmir. Oğuz elinin baş qəhrəmanı Ulaş oğlu Qazan xan və onun ətrafında olan bahadırlardır. Elobanı yağılardan, azğın kafirlərdən qorumaq, doğma yurdun şərəfini qorumaq onların üzərinə düşür. Düşmənləri diz çökdürən oğuzlarda daxili ziddiyyətlər də mövcuddur və onların faciəsi də bu daxili ədavət və ziddiyyətlərdən törəyir. Oz dayısının başını kəsən Salur Qazan bununla xəyanətlə öldürülmüş Bamsı Beyrəyin qanını alsa da, hər halda oğuzun oğuza əl qaldırması faciədir, arzuolunmaz hadisədir.
«Kitabi-Dədə Qorqud»un hər boyunda bir oğuz igidinin qəhrəmanlığından danışılır. Hadisələr yay-qış qarı-buzu əriməyən Qazlıq dağında, alınmaz Əlincə qalasında, Şərurda, Dərbənddə, Gəncədə, Bərdədə, Dərəşamda, Qaraçuqda, Aladağda, Ağcaqalada, Göyçədə, Bayatda baş verir və bütün bunlar onu sübut edir ki, «Kitabi-Dədə Qorqud» məhz Azərbaycan xalqının sənət abidəsi, söz abidəsidır. Əsərdəki bir çox yeryurd adları bizim günümüzdə də həmin adlarla tanınmaqdadır.
Oğuzlar üçün yurd, Vətən sevgisi, torpaq hər şeydən yüksək və əzizdir. Onlar hər an doğma el-oba uğrunda canlarından keçməyə hazırdırlar. Oğuzlar öz qonşularına qarşı da mərddirlər. Onlar başqasının torpağına hücum etmir, sərhədlərini pozmurlar. Lakin düşmən xəyanət edib qəfil hücum etdikdə oğuz igidləri hamılıqla Vətənin müdafiəsinə qalxır, düşməni tar-mar edirlər. Dar gündə Vətən sevgisi oğuzlara öz aralarındakı incikliyi də unutdurur, onları birləşdirir.
Oğuzlarda qadına, anaya yüksək ehtiram və məhəbbət vardır. Burada ana haqqı Tanrı haqqına bərabər tutulur, «Salur Qazanın evinin yağmalanması boyunda Qazan xan düşmənlə qarşılaşarkən hər şeydən keçir, lakin anasından keçmir. Oğuzun qadınları, qızları da ismətli namuslu el qızlarıdır.
Oğuzlar çətinə düşəndə Tanrıya sığınır, onu köməyə çağırırlar. Tanrı da hər dəfə oğuzların köməyi olur, onları çətinliklərdən çıxarır.
«Kitabi-Dədə Qorqud» oğuzların dastana çevrilmiş tarixidir. Dastanda hər sözün, ifadənin, adın dərin mənası var və bunların hamısının arxasında soykökümüz olan oğuzların keçmiş tarixi durur.

Bu bloq yazısını dəyərləndir

Related Articles

Back to top button