Könlüm keçir Qarabağdan mövzusunda inşa

Qarabağ! Azərbaycanın dilbər guşəsi, musiqi beşiyi, Üzeyir vətəni, istedadlar diyarı. Əgər Azərbaycan bütöv bir candırsa, bu canın ürəyi Qarabağdır.
Səfalı yaylaqları, göz oxşayan ormanları, füsunkar Cıdır düzü, buz tək soyuq Şuşa bulağı olan, dilimizin əzbəri, musiqi dünyamızın əlifbası olan Qarabağ Azərbaycanı bütün dünyaya tanıtdırıb. Bu torpaq Üzeyir Hacıbəyovun, Müslüm Maqomayev, Bülbül, Fikrət Əmirov, Xan Şuşinski kimi istedadlar yetişdirib ki, onları bütün dünya tanıyır. Sara Qədimova, Tükəzban ismayılova, Qədir Rüstəmov kimi ustad sənətkarlar bu səfalı torpağın yetirmələridir. Qarabağda doğulan hər kəsin mayası ana südü kimi musiqidən yoğrulmuşdur.

Keçmə şeirindən, musiqisindən,
Könlümün sevgisi bu oylaqdadır.
Qarabağda uşağı da vursan əgər sən,
Bil ki, «muğamat» üstə ağlayacaqdır.

Şair necə də gözəl demişdir. Həqiqətən, Qarabağ torpağında doğulmuş elə bir adam tapılmaz ki, onun səsi olmasın və ya dillərdə məşhur olan «Qarabağ şikəstəsi»ni oxumasın. Bu diyardan gələn musiqi səsləri dünyanın neçə-neçə ölkəsində dinlənilmiş, Azərbaycan məmləkəti bu musiqi sədaları altında alqışlanmışdır.
Qarabağın təbiəti də bir musiqidir, ahəng tutub gözəlliyə meydan oxuyub, füsunkarlığı ilə ürəkləri titrədir.
Nə yazıqlar ki, qoruya bilmədik bu gözəl diyan. Verdik ürəyimiz əsə-əsə erməni murdarlarının tapdağına və indi Qarabağ həsrəti ilə yana-yana qalmışıq. Artıq neçə illərdir ki, Qarabağın adı gələndə ürəyimiz qan ağlayır, sinələrimizdən dərin «ah» səsləri ucalır.
Bu gün Qarabağımız darda, düşmən əlindədir. indi bu diyar bizi intiqama, köməyə çağırır. Bu torpaq yad əlləri, yad nəfəsləri qəbul edə bilmir. Qarabağ indi doğma dildən çıxan bir bayatıya həsrətdir. Biz də bu ulu torpağın həsrətindəyik. Bu torpağı ancaq gənclərimizin qəhrəmanlıq ruhu, cəsarət və igidliyi qurtara bilər.
Bu gün böyüməkdə olan nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün onlara Vətən əxlaqı, Vətənə məhəbbət, xalqımızın keçmişinə, bu gününə, gələcəyinə sədaqət, onun maddi, mədəni və mənəvi sərvətlərinin nəaliyyətlərini mənimsəmək kimi müsbət keyfiyyətlər aşılamaq lazımdır. Vətənin havasını udub, suyunu içən, torpağında gəzən hər bir vətəndaşın Vətənini sevməsi, onun hər qarış torpağı üçün canından belə keçməyə hazır olması onun ən ümdə borcudur.
Bizim hər birimizin ürəyində qələbə arzusu, işğal olunmuş doğma Qarabağımızın azad edilməsi arzusu vardır. Mən inanıram ki, qeyrətinə güvəndiyimiz, cəsarət və hünərinə bel bağladığımız igid Vətən övladları xalqımızı bu bəladan xilas edəcək, bizi həsrətini çəkdiyimiz Qarabağımıza qovuşduracaqdır.

Könlüm keçir Qarabağdan,
Gah odağdan, gah bu dağdan,
Axşam üstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.
Bu bloq yazısını dəyərləndir

Related Articles

Back to top button