“Koroğlu” xalq qəhrəmanlıq dastanı kimi mövzusunda inşa
Azərbaycan xalqının nadir bədii söz incilərindən biri «Koroğlu» dastanıdır. Bu dastan xalqımızın mübarizələrlə dolu tarixi ilə bağlı qəhrəmanlıq eposudur. Bu əsərdə təsvir edilən hadisə və surətlər xalqımızın XVI-XVII əsrlər həyatı ilə yaxından səsləşir, daha dəqiq desək, eposdakı qəhrəmanlıq tarixi XVI əsrin sonu və XVII əsrin əwəllərində Azərbaycan və Türkiyə ərazisində meydana çıxan Cəlalilər hərəkatı ilə əlaqələndirilir. «Koroğlu» dastanı 18 qoldan ibarətdir. Əsərin ilk qolu giriş xarakteri daşıyır və bu hissədə Koroğlunun atası Alı kişinin başına gətirilən faciədən, onun oğlu Rövşənin əwəlcə atasının intiqamını almaq üçün mübarizə meydanına atılmasından, sonra isə bütün xalqın təəssübünü çəkən bir qəhrəman kimi tanınaraq Koroğlu adı ilə şöhrətlənməsindən danışılır. Dastanın sonrakı qollarında isə Koroğlunun və onun ayrı-ayrı silahdaşlarının -dəlilərinin igidliyindən söhbət açılır. Dastan sanki rəmzi xarakter daşıyır. Koroğlu və onun dəliləri xalqın qəhrəmanlıq ruhunu, Çənlibel isə vətəni, el-obanı təmsil edır.
Eposun baş qəhrəmanı Koroğludur. O, xalqını, vətənini dərindən sevən igid və cəsur bir cəngavərdir. Onun mübarizəsi xalqın mübarizəsidir, xalqın azadlıq istəyindən doğan bir qəhrəmanlıq tarixidir. Koroğlunun mübarizəsi varlanmaq, yaxud səltənət sahibi olmaq fikirlərindən çox uzaqdır. Əksinə, o şahlara, sultanlara nitrət edir, onlardan xalqın başına gətirilən ağrıların, acısının qisasını almağa çalışır, alınan qəniməti də xalqa, imkansızlara paylayır. Koroğlunu ayağa qaldıran alovlandıran, coşduran el məhəbbəti xalq sevgisi, vətən eşqidir. Onun qəhrəmanlığının əsas ilhamçısı da həmin bu vətən məhəbbəti, el sevgisidir. Koroğlunun düşmənləri vətənin, elin düşmənləridir.
Koroğlu mərd, igid bir qəhrəman olduğu kimi, həm də bacarıqlı bir sərkərdədir. O, düşmənə qarşı mübarizədə həmişə ağılla hərəkət edir, bəzən öz paltarını dəyişərək aşıq libasında düşmən içərisinə gedir, bəzən isə dəlilərinə əsl sərkərdə kimi başçılıq edərək onları ruhlandırır, əzmlə düşmən üzərinə aparır Koroğlu zülmə, zülmkara qarşı amansızdır, lakin həm də mərddir, məğlub olanı əzmir, aman istəyəni öldürmür.
Xalqın düşmənlərinə qarşı mübarizədə Koroğlu tək deyildir. Xalqın ən seçmə mərd və igid oğulları onun ətrafında birləşərək mübarizə aparırlar. Eyvaz, Dəmirçioğlu, Dəli Həsən, Bəlli Əhməd və başqa dəlillər igidlikdə heç də Koroğludan geri qalmırlar. Dəmirçioğlu ən çətin döyüş tapşırıqlarını dəyanətlə yerinə yetirən, meydana ər kimi girib ər kimi çıxan yenilməz bir igiddir. Koroğlunun və bütün dəlilərin arxası, köməyidir. Eyvaz «Koroğlunun Qars səfəri» qolunda Ərəb Reyhan kimi təcrübəli və hiyləgər bir ordu başçısı ilə təkbətək vuruşaraq qalib gələn bir el qəhrəmanı, el fədaisidir.
«Koroğlu» eposunda igidlər «dəli» adlandırılır. Bu söz indiki «xəstə, ağılsız» mənasından uzaq olub, «igid döyüşçü, cəngavər» anlamlarını daşıyır.
«Koroğlu» dastanında bir sıra qadın surətləri də iştirak edir. Bunlar, əsasən, paşa və xan qızları olsalar da, müsbət surətlərdir. Bu qadınlar saraylardakı daş hərəmxanalardan qurtularaq Çənlibelə gələn, azad sevgi əsasında ailə həyatı quraraq öz sevgililəri ilə çiyin-çiyinə düşmənə qarşı mübarizə aparan qadınlardır. Nigar xanım, Məhbub xanım, Telli xanım və başqaları ox atmağı, qılınc çalmağı, at oynatmağı heç də kişilərdən pis bacarmırlar.
«Koroğlu» eposu bədii ləyaqəti, dil və üslub gözəlliyi ilə seçilən nadir bir xalq abidəsidir. Bu əsər onu yaradan xalqın özü kimi ölməz və əbədidir.