Milli qəhrəmanlarımız mövzusunda inşa

Azərbaycan xalqı öz təbiəti, xarakteri etibarilə həmişə mülayim və sülhsevər olmuşdur. O, heç kəsin torpağına göz dikməmiş, kiməsə təcavüz etməyi özünə rəva görməmişdir. Xalqımız yalnız öz doğma yurdunu, doğma torpağını qorumuş, lazım gələndə canını belə bu yolda qurban verməkdən çəkinməmişdir. Xalqımızın içərisindən əsr-əsr, qərinə-qərinə igid ərlər, kişi qeyrətli qadınlar meydana çıxmış, Azərbaycana solmaz şöhrətlər qazandırmış, onu qəhrəmanlar diyarı kimi tanıtmışdır. Azərbaycanın Babək, Koroğlu, Tomris, Cavanşir, Qaçaq Nəbi, Həcər kimi yüzlərlə, minlərlə qəhrəman oğul və qızları heç vaxt onu düşmənə baş əyməyə qoymamışdır. Son dövrlərin zorla cəlb edildiyimiz torpaq savaşında Vətən uğrunda tərəddüd etmədən həyatını qurban verən qəhrəman oğul və qızlarımızın, vətənpərvər övladlarımızın rəşadət və igidlikləri məhz igid babalarımızın, qeyrətli nənələrimizin solmaz döyüş şöhrətinin bariz təcəssümüdür. Bu savaş göstərdi ki, Azərbaycanda vətən hamı üçün müqəddəsdir və bu müqəddəsliyin uğrunda canından keçməyə hazır olan oğul və qızlarımız çoxdur.
Azərbaycan Respublikasının ən yüksək fərqlənmə dərəcəsi «Azərbaycanın Milli Qəhrəmanı» fəxri adıdır. Bu ad ölkəmizin müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir. Cəlb olunduğumuz Qarabağ savaşı yüzlərlə milli qəhrəman yetirmişdir ki, mən də bu gün bunlardan biri – Ağayev Faiq Alış oğlu haqqında söz açmaq istəyirəm.
Ağayev Faiq Alış oğlu – Ağdam rayonunun Papravənd kəndində anadan olmuş, orta məktəbi də burada bitirərək ordu sıralarına xidmətə getmişdir. Ordudan qayıtdıqdan sonra 1990-cı ildən Ağdam rayon Daxili İşlər Şöbəsinin rost-patrul alayında qulluğa getmiş, burada polis serjantı rütbəsi almışdır.
Doğma Azərbaycanımızın üzərini təhlükə alanda Faiq də minlərlə vətən oğlu kimi silaha sarılaraq erməni faşizmi ilə mübarizəyə başladı. Adi günlərdə hər hansı qeyri-adi səciyyəsi ilə seçilməyən Faiq bu mübarizədə dostu da, düşməni də heyrətə salan igidlik və şücaət göstərdi.
1990-cı ilin 23 dekabrında kiçik Meşəli kəndi yüzlərlə erməni yaraqlısının hücumuna məruz qalmışdı. Yaranmış vəziyyətdə döyüşçülərimiz dinc əhalini təhlükəsiz yerə çıxarmaq uğrunda vuruşurdular. Uçurulmuş evlərin xarabalarından birini istehkama çevirmiş Faiq erməni yaraqlıları üzərinə od yağdırır və dinc əhalinin qaçıb meşədə daldalanması üçün imkan yaradırdı. Düşmən atəşini öz üzərinə cəlb etməklə Faiq onlarla qadını, körpəni, uşağı ölümdən xilas etdi, lakin öz canını qəhrəmanlıqla qurban verdi.
Respublikamızın suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 8 oktyabr tarixli fərmanı ilə Ağayev Faiq Alış oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» fəxri adı verilmişdir.
Ağayev Faiq vaxtsız qırılmış ömrünü ölümün caynağından xilas etdiyi minnətdar Meşəli camaatının ömründə, həzin xatirələrində, xoşbəxtlik və səadətində əbədi yaşayacaqdır. Belə qəhrəmanlar heç vaxt ölmür, ölümləri ilə ölümsüzlüyə qovuşurlar. Onlar həmişə bizim qəlbimizdə, qan yaddaşımızdadırlar.

Bu bloq yazısını dəyərləndir

Related Articles

Back to top button