Müstəqil Azərbaycan mövzusunda inşa

Müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur. Azərbaycan xalqı da həmişə bu istəklə yaşamışdır, Tarixdə zaman-zaman müxtəlif adlar altında müstəqil Azərbaycan dövlətləri mövcud olmuşdur. Buna misal kimi müxtəlif dövrlərdə tarixi Azərbaycan torpaqlarında yaradılmış Şirvanşahlar, Eldəgizlər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər dövlətlərinin adını çəkə bilərik. Şah İsmayıl Xətayinin dövründə Səfəvilər dövləti bütün Azərbaycan torpaqlarını birləşdirirdi və Azərbaycan dili dövlət dili səviyyəsinə yüksəldilmişdi.
Xalqımız ötən yüzillikdə iki dəfə dövlət müstəqilliyi qazanmışdır. 1918- ci ildə Azərbaycanda bütün islam dünyasında ilk demokratik respublika qurulmuşdur. Lakin bu respublikanın ömrü qısa oldu. Belə ki, xarici müdaxilə, daxili çəkişmələr və digər amillər üzündən Azərbaycan Demokratik Cümhuriyyəti az vaxtdan – cəmi 23 aydan sonra süqut etdi. Ötən əsrin son onilliyinədək davam edən sovet hakimiyyəti illərində xalqımız dövlət müstəqilliyindən məhrum qalsa da, respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmiş və müstəqillik üçün lazımi əsaslar yaratmışdır.
Ötən əsrin sonlarında xalqımıza yenidən dövlət müstəqilliyinə qovuşmaq səadəti nəsib oldu. Sovet İttifaqı dağıldıqdan sonra 1991-ci il oktyabrın 18-də respublikanın qanunvericilik orqanı parlament Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etdi və bununla da respublikamızın müstəqilliyi bərpa olundu.
Həmin vaxtdan bəri xalqımız azad yaşayır, öz milli dövlətini möhkəmlədərək inkişaf etdirir. Qısa müddətdə müstəqil Azərbaycan siyasi, sosial-iqtisadi, mədəni sahələrdə böyük nailiyyətlər qazanmışdır. Respublikamızda dövlət müstəqilliyinin bütün atributları bərqərar edilmişdir. Dövlət gerbi, himn, üçrəngli bayraq müstəqil dövlətimizin rəmzləridir, 1995- ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub. Respublikamızda dövlət quruculuğunun əsasları bu Konstitusiya ilə təsbit olunub. Konstitusiyamıza əsasən, Azərbaycan demokratik, hüquqi, dünyəvi bir dövlətdir və ölkədə hakimiyyətin yeganə mənbəyi xalqdır. Müstəqil Azərbaycanın həyatında başqa bir əlamətdar hadisə 1994-cü ilin əvvəlində baş vermişdir – milli valyutamız manatdan ölkədə yeganə ödəniş vasitəsi kimi istifadə olunmağa başlanılmışdır. Fərəh doğuran məsələlərdən biri də odur ki, daha Azərbaycan dilinin işlədilməsinə heç bir qadağa yoxdur. Azərbaycan dili ölkəmizdə rəsmi dövlət dili səviyyəsinə yüksəldilib. Ölkəmizin beynəlxalq birliklə sıx əməkdaşlığının etibarlı təməli qoyulub. Azərbaycan əksər Beynəlxalq Təşkilatların üzvlüyünə qəbul edilib. Biz Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının iqamətgahları önündə üçrəngli bayrağımızın dalğalanmasından böyük qürur hissi duyuruq. Azərbaycan ABŞ, Rusiya, Almaniya, Fransa, Türkiyə, iran kimi qüdrətli dövlətlərlə diplomatik münasibətlər qurub. Hazırda dünyanın 50-dən çox ölkəsində respublikamızın səfirlikləri fəaliyyət göstərir.
Dövlətimizin iqtisadi əsasları da getdikcə möhkəmlənir. ölkələrdə yeni müəssisələr istifadəyə verilir, iş yerləri açılır. Müstəqil Azərbaycanın iqtisadi siyasətinin mühüm istiqamətlərindən birı neft amili ilə bağlıdır. Respublikamızın neftçıxarma sahəsində zəngin ənənələri bu gün də davam etdirilir. Ölkəmiz müstəqilliyə qovuşduqdan sonra Azərbaycanın yeni neft strategiyası hazırlanmışdır və bu siyasət uğurla həyata keçirilir, 1994-cü il sentyabrın 20-də Azərbaycanla 6 xarici ölkəni təmsil edən 10 məşhur şirkət arasında «Əsrin müqaviləsi» adını almış nəhəng müqavilə bağlandı. Sonralar müstəqil respublikamız başqa layihələr üzrə xarici şirkətlərlə daha bir neçə belə müqavilə imzaladı. Hazırda «Əsrin müqaviləsi», həmçinin digər müqavilələr müvəffəqiyyətlə işləyir və respublikamıza böyük neft gəlirləri gəlir. Bütün bunların sayəsində respublikamızda həyat dəyişir, insanların rifah halı yaxşılaşır, yeni-yeni sosial layihələr həyata keçirilir, paytaxtda, bölgələrdə genişmiqyaslı tikinti-abadlıq işləri aparılır. Yeni tikilən göydələnlər, nəhəng körpülər, rahat yollar müstəqil Azərbaycanın getdikcə artan iqtisadi qüdrətindən xəbər verir.
Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir, müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişafına əlimizdən gələn köməyi göstərmək hər birimizin müqəddəs borcudur.

Bu bloq yazısını dəyərləndir

Related Articles

Back to top button