Nəyə görə mən öz vətənimi sevirəm ? (2) mövzusunda inşa
Hər bir insana onun doğulduğu və böyüyüb boya-başa çatdığı diyar çox doğma və əzizdir. Uşaqlığı xatırladan hər bir şey insana xüsusi sevinc bəxş edir. öz xalqının keçmişdəki ağır günlərini yad edərkən, o zamanda qəhrəmanlıq göstərmiş mübarizlər haqqında söz deyərkən, öz əziz diyarının və doğma vətəninin sevincli günlərini yad edərkən, qəlbində Vətən eşqi coşmayan insan tapmaq çətindir.
Azərbaycan gözəl və çiçəklənən bir diyardır. O, dünyanın ən zəngin və səfalı yerlərindən biridir. Ulu Tanrı bu diyara zəngin nemətlər bəxş etmişdir. Qara qızıl, ağ qızıl, yaşıl qızıl. Bizdə nefti, pambığı və çayı belə adlandırırlar. Bütün bunlar respublikaya şöhrət, iqtisadiyyata isə qüdrət gətirir.
Bakı respublikanın paytaxtı, Azərbaycanın ən böyük şəhəridir. Şəhərin adının mənası – «küləklər şəhəri» deməkdir. Bakı qədim şəhərdir. İçərişəhər Bakının yanar ürəyidir. Bura başdan-başa tarixi abidələrlə doludur: əzəmətli «Qız qalası», «Sınıq qala» minarəsi, «Cümə» məscidi, «Həzrəti Məhəmməd» məscidi, Şirvanşahlar sarayı və s.
Bakının simvoluna çevrilən «Qız qalası» bütün dünyada məşhurdur. Şəhərə gələn turist bukletlərinin üz qabığında bu valehedici qalanın təsviri olmalıdır.
Bakını dənizkənarı bulvarsız təsəvvür etmək mümkün deyil. Milli park adlanan bu istirahət mərkəzi, şəhər sakinlərinin və qonaqların sevimli məkanıdır. Burada müxtəlif istirahət yerləri qurulmuşdur. Yay kinoteatrı, idman kompleksləri, teatr, əl oyunları sarayı, mavi dənizə baxan oturacaqlar və s. Buradan katerlər vasitəsilə mavi Xəzərə gəzintiyə çıxmaq olar. Bakı – ilk olaraq neft şəhəridir, Zaqafqaziyanın ən iri neft sənaye şəhəridir.
Bakının üçyüz altmış kilometrliyində Gəncə şəhəri yerləşir. Bağlar və plantasiyalar burada bolluca məhsul verir: üzüm, əncir, alma, armud, ərik, heyva və s. Gəncədə çoxlu sayda qədim abidələr və muzeylər vardır. Gəncənin yaxınlığında Azərbaycanın ən iri qoruğu yerləşir. Yuxarıda, dağlıq ərazidə əsrarəngiz Göygöl gölü yerləşmişdir.
Azərbaycanın digər səfalı guşəsi – Şəki şəhəridir. Qədim zamanlardan bu diyar öz ipək məhsulları ilə ad çıxarmışdır. Şəkidə bir çox qədim minarəli məscidlər qorunub saxlanmışdır ki, bu da turistlərin diqqətini çox çəkir.
Azərbaycan ərazisində ən gözəl çay növü isə Lənkəranda becərilir. Onlann içərisində ən təravətlisi – «Azərbaycan buketi»dir. Lənkəran ərazisində bütün il boyu kələm şitili, erkən xiyarlar və pomidorlar becərirlər. Burada həmçinin, feyxoa plantasiyaları, məşhur bulaqlar və qoruqlar vardır.
Azərbaycanın gözəl mənzərəli diyarı olan Zaqatala – fındıq, qoz, subtropik bitkilər və gözəl meyvələr vətənidir.
Azərbaycanda məskunlaşan xalqlar öz qonaqpərvərliyi, ürək genişliyi və səxavəti ilə ad çıxarmışlar. Bu xeyirxah və mərhəmətli insanlar daim dostluq müqəddəsliyini uca tutmuş və hər zaman köməyə gəlməyə çalışmışlar. Azərbaycanın elə guşəsi yoxdur ki, oranı gəzmək bizi sevindirməsin.
Zəngin sərvəti və gözəl təbiətinə, faydalı iqliml və xeyirxah millətinə görə, mən öz sevimli və əziz diyarımı dünyalar qədər istəyirəm.