“Padişahi-mülk” qitəsində şair və padşah obrazlarının müqayisəli təhlili mövzusunda inşa

Azərbaycan klassik ədəbiyyatının çox görkəmli nümayəndəsi Məhəmməd Füzulinin adı dünyanın söz korifeyləri sırasında hörmətlə çəkilir. Mütəfəkkir şairin böyük ustalıqla qələmə aldığı lirik şeirləri, «Leyli və Məcnun» poeması, digər əsərləri ona ölməzlik qazandırmışdır. Əsasən məhəbbət, qəlb şairi kimi tanınan M.Füzuli yaradıcılığında ictimai mövzulara da geniş yer ayırmışdır. Şair ictimai-siyasi məzmunlu şeirlərində dövrünün geridə qalmış feodal münasibətlərini, cəmiyyətdə baş alıb gedən haqsızlığı, rüşvətxorluğu kəskin tənqid atəşinə tutmuşdur.
Dahi söz ustadının dövrünün eybəcərliklərindən bəhs edən əsərlərindən biri də «Padişahi-mülk» qitəsidir. Şeirdə şairin yaşadığı dövrdə geniş yayılan, insanlara, ölkələrə fəlakətlər gətirən mənasız feodal müharibələri kəskin tənqid atəşinə tutulur. Əsərdə bir-biri ilə ziddiyyət təşkil edən iki obraz üz-üzə dayanır: padşah və şair. Əsərin ideyası bu iki obrazın müqayisəsində aydınlaşır.
Kimdir dağıdıcı müharibələrin baiskarları? Şeirin elə ilk bəndindəcə bu suala cavab tapırıq: başçılıq etdiyi məmləkətdə rəiyyətin qeydinə qalmayan, həyatda yeganə məqsədi daha artıq var-dövlət toplamaq olan padşahlardır müharibələrin səbəbkarları. Onlar ölkələr fəth etmək üçün qızıl-gümüş rüşvət verərək ordular hazırlayır, min cür fitnə-fəsadlar törədirlər. Bu cür pis əməllərin, fitnə-fəsadların hökm sürdüyü yerdə isə heç vaxt rahatlıq, əminamanlıq olmur. Şairin qənaətinə görə çürük fikirli padşahların yalan, zor, rüşvət üstündə qurduqları səltənətin ömrü uzun ola bilməz. Kiçik kənar təsir kifayətdir ki, bu səltənət tar-mar olsun, tamam dağılsın. Şair bu fikri lakonik şəkildə belə ifadə edir:
Göstərən saətdə dövrani-fələk bir inqilab,
Həm özü fani olur, həm ləşkəri, həm kişvəri.

Buradan oxucunun gəldiyi qənaət belədir: ədalətsiz müharibələr heç kəsə xoşbəxtlik gətirmir. Bu sətirləri oxuyanda şairin müdrikliyinə heyran qalmaya bilmirsən. Dünya tarixi sübut etmişdir ki, qanlı müharibələr, istilalar nəticəsində yaranan imperiyalar gec-tez məhvə məhkumdur.
Şeirdə uzağı görməyən, qana susayan padşahlara qarşı şairin məğrur və humanist obrazı dayanır. Padşahlar nə qədər var-dövlət əsiridirlərsə, nə qədər dar düşüncəlidirlərsə, şair bir o qədər sərbəstdir və daha dərin düşünməyi bacarır. özünü şeir-sənət dünyasının sultanı sanan şair bundan sonsuz qürur duyur, başını uca tutur. O, şeirinin, sözünün böyük gücünə inanır, əmindir ki, qarşısına məqsəd qoysa, sözün qüdrəti sayəsində dənizləri, okeanları belə fəth etməyə qadirdir.

Hər sözüm bir pəhləvandır kim, bulub təyidi-həqq,
Əzm qıldıqda tutar tədric ilə bəhrü-bəri.

Şairin qəlbi təmiz, gözü toxdur. O, başını dik tutub heç bir kimsəyə ziyanı dəymədiyini fəxrlə bəyan edir. Qəlbində pisliklərə yer olmayan ustad sənətkar axirət dünyası barədə düşünür. Xeyirxahlığı özünə həyat amalı seçən şair əmindir ki, yaratdığı söz mülkü onu əbədi yaşadacaq, şəhərləri, ölkələri dağıdan padşahlar isə ölən kimi də unudulub yaddan çıxacaqlar. Şair fəxrlə yazır:

Payimal etməz onu asibi-dövri-ruzigar,
Eyləməz təsir ona dövrani-çərxi-çənbəri.

Beləliklə, «Padişahi-mülk…» şeirini oxuduqda bir-birindən əks qütblərdə dayanan zalım padşahla insanpərvər şairin həyata baxışlarındakı, əməllərindəki ziddiyyətlər konkret nəticə çıxarmağa əsas verir. Dağıdıcı padşah oxucuda ikrah hissi oyadır, söz sultanı şair isə əksinə, ucalır və əbədiyaşarlıq qazanır. Zora əsaslanan hakimiyyət müvəqqətidir, müdriklik nişanəsi olan söz, sənət isə əbədidir.
Qitədə mütəfəkkir şairin aşılamaq istədiyi ideyalar bu gün üçün də aktualdır. Çünki hələ də dünyamızda əmin-amanlıq bərqərar olmayıb, ölkələr, xalqlar dağıdıcı müharibələrdən əziyyət çəkirlər. Bəsdir ki, tarixin dərslərindən ibrət götürülsün, ölkələr öz güclərini dağıdıcı savaşlara yox, quruculuğa yönəltsinlər.

Bu bloq yazısını dəyərləndir

Related Articles

Back to top button