“Qalx ayağa, Azərbaycan” mövzusunda inşa

(M.Araz)

Qanlı 20 Yanvar faciəsi, bir gecənin içində yer üzündən silinən Xocalı şəhəri, mədəniyyət, musiqi beşiyimiz Şuşanın süqutu, Xankəndinin, Kəlbəcərin, Laçının, Qubadlının, Ağdamın, bütövlükdə torpaqlarımızın 20 faizinin işğalı, 1 milyondan artıq soydaşımızın doğma ev-eşiklərindən didərgin salınması, 20 min həmvətənlimizin həyatına son qoyulması, maddimədəniyyət abidələrimizin dağıdılması, təbii sərvətlərimizin talan edilməsi… Azadlığımıza qənim kəsilən, torpaqlarımıza göz dikən məkrli düşmənlər tərəfindən xalqımıza, Vətənimizə vurulan daha neçə-neçə zərbə, milli varlığımıza, soykökümüzə yönələn daha neçə-neçə məkrli plan…
Zaman-zaman belə acınacaqlı olaylarla üz-üzə qalan, itkilər verən bir xalqın oğul və qızlarının sakit ömür sürməyə mənəvi haqları varmı? Cavab birmənalıdır: bu çətin dönəmdə itkilərimizə yanmasaq, bir-birimizə dayaq durmasaq, hər birimiz öz daxilimizdə bir əsgərə çevrilməsək, tarix bizi bağışlamaz, yerlə-yeksan olarıq, nişanəmiz qalmaz bu dünyada. Ana Vətənə düşmən gözləri dikilibsə, bütün el ayağa qalxmalı, ölkənin paytaxt şəhəri də, ən ucqar kəndi də ön cəbhəyə çevrilməli, şair qələmi, rəssam fırçası, bəstəkar mahnıları, dəmirçi çəkici ilə səfərbər olmalıdır.
Poeziyamızın görkəmli nümayəndəsi Məmməd Arazın bir çox şeirləri məhz bu ruhda köklənmişdir. Doğma diyarın hər guşəsinə qəlbən bağlı olan şair Vətənin qayalarında mamır olub bitməyə belə hazırdır, təki Vətən onu səsləsin, təki Vətən ona oğul desin. Görkəmli söz ustasının qələmə aldığı «Ayağa dur, Azərbaycan!» şeiri poeziyamızda vətənpərvərlik mövzusunda yazılan ən yaxşı əsərlərdəndir. Şeirdə şairin daxili harayı, vətəndaş yanğısı hər misrada hiss olunur.
Vətəndaş şair Azərbaycanın başı üstündə qara buludlar dolaşmasına, torpaqlarımıza xain əllər uzanmasına biganə qala bilmir. O, zamanın sərt gərdişləri qarşısında həmvətənlərinə, soydaşlarına xitab edir. Şair

Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!

deyib özüqarışıq hamını, bütün Azərbaycanı mübarizəyə səsləyir. Bu mübarizə zamanın tələbidir labüddür. Yuxanda sadaladığımız və sadalamadığımız neçə-neçə faciəni yaşayan xalqın mürgüləməyə haqqı yoxdur. Düşmən yatınır, pislik etməyə, fitnə-fəsadlar törətməyə məqam gözləyir. Biz onların layiqli cavablarını vermədikcə yağıların iştahı artır, sərhədlərimiz daralır. Hanı Dədə Qorqud qəhrəmanlarının, Ş.İ.Xətayinin bizlərə qoyub getdikləri əzəli Azərbaycan torpaqları? Hanı İrəvan, Göyçə, Zəngəzur, digər yurd yerlərimiz? Düşmənə dərin nifrətini ifadə edən şair sanki hər birimizin yaxasından tutub silkələyir, bizlərə Şəhriyarın, Bəxtiyarın harayını, məzarından baş qaldıran babamızın çağırışını çatdırır. Azərbaycan tarixinin elə bir kəşməkəşli dövrünü yaşayır ki, körpədən böyüyə, qız atasından nər oğullaradək hamı düşmən qarşısında müsəlləh əsgər kimi dayanmalıdır. Bu sınaq anlarında hamı içindəki qorxunu qovmalı, özünü bozqurda çevirməlidir. Yalnız bu halda düşməni əzmək, Vətənə uzanan xain əlləri kəsmək mümkündür. M.Araz özünü bu mübarizənin ön cərgəsində görürdü. Şair qələmi, şeiri, misrası ilə düşməni yenməyə hazırdır.

Əzin məni xıncım-xıncım,
Kəsmir əgər söz qılıncım,
Didin məni didim-didim.

«Qabaqdakı bir körpəni», «neçə səni», «neçə məni» xilas etmək üçün, hətta tank altına atılmağa belə hazır olan vətəndaş şairin hissləri başadüşüləndir. Zamanın imtahana çəkdiyi indiki çətin sınaq dövründə biz yurdumuzun zəngin mübarizə və qəhrəmanlıq tarixini vərəqləməliyik. Babalarımız Vətəni alınmaz qalaya çevirmiş, bu torpaqda düşmənin at oynatmasına heç zaman imkan verməmişlər. Məkrlə, hiylə ilə torpaqlarımıza soxulan düşmən qanına qəltan edilmiş, başqalarına da görk olsun deyə onların görən gözləri çıxarılmış, silah tutan əlləri kəsilmişdir. Babək, Ş.I.Xətayi, Qaçaq Nəbi bu yurdun qəhrəmanlıq tarixini yazmış, şərəf salnaməsini yaratmışlar. Belə şərəfli keçmişi olan xalq indi də «ölümü ilə qalımını ayırd etməlidir». Seçim etmək, varlığımızı qəti şəkildə təsdiqləmək zamanıdır. Ayağa qalxmalı, itkilərimizin yerini doldurmalı, özümüzünkü olanları özümüzə qaytarmalı, Azərbaycanın bütövlüyünü təmin etməliyik. Bu bizim Vətəndaş missiyamız, gələcək qarşısında borcumuzdur. Yaşamaq istəyiriksə, ilk növbədə torpağı qorumalı, Vətəni yaşatmalıyıq.

Bu bloq yazısını dəyərləndir

Related Articles

Back to top button