Rəsul Rzanın “Qızılgül olmayaydı” poemasının təhlili mövzusunda inşa

Azərbaycan ədəbiyyatı tarixində böyük xidmətləri olan sənətkarlardan biri də Rəsul Rzadır. Onun milli keyfiyyətlər, bəşəri məzmun və yüksək ideya-bədii dəyərləri ilə seçilən lirik şeirləri və poemaları Azərbaycan poeziyasının yüksək sənət nümunələridir. Şairin dərin və humanist mahiyyətli poeziyası vətənimizin hüdudlarını aşaraq bir çox ölkələrə yayılmış, xaricı dillərə tərcümə olunaraq nəşr edilmişdir.
R.Rza ədəbi yaradıcılıq aləminə ötən əsrin 20-ci illərində gəlmiş, «Bu gün» adlı ilk şeiri 1927-ci ildə Tiflisdə «Qığılcım» jurnalında dərc olunmuşdur. 1932-ci ildə şairin «Çapey» adlı ilk şeirlər kitabı nəşr olunmuşdur. Çoxcəhətli yaradıcılığa malik sənətkar bundan sonrakı dövrdə onlarca şeirlər kitabı çap etdirmiş, dərin məzmunlu poemalar müəllifi kimi şöhrət qazanmışdır.
R.Rza yaradıcılığının ən gözəl nümunələrindən biri «Qızıl gül olmayaydı» poemasıdır. Otən əsrin 60-cı illərində qələmə alınmış bu poema 1937-ci il repressiyasına həsr edilmiş, həmin müdhiş dövlət siyasətinin qurbanı olmuş görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin taleyi mərkəzi hadisə kimi götürülmüşdür.
Poema keçmişə qayıdış şəklində yazılmışdır. Müəllif Mikayıl Müşfiq haqqında, onun dövrü, şəxsiyyəti, yaradıcılıq uğurları, faciəvi taleyi haqqında söhbətlərini onun həyat yoldaşı Dilbər xanımla mükalimə şəklində aparır, bəzən də özünün M.Müşfiqlə keçirdiyi günləri, o zamankı ədəbi mühiti, şairin yaradıcılıq axtarışlarını, oxucularla görüşləri, bu görüşlərdə Müşfiq şeirinin oxuculara təsirini xatirə şəklində qələmə alır. R.Rzanın təsvirində gözlərimiz qarşısında onun M.Müşfiqlə «Gənc işçi» qəzetinin redaksiyasındakı ilk görüşləri, ilk tanışlıqları canlanır. Müəllif, Müşfıqlə birlikdə pəncərəsi döşəmədən bircə qarış yuxarı olan mənzillərində Lermontovun «Demon» poemasının tərcüməsi üzərində necə işlədiklərini, Müşfiqin əlini sinəsinə qaldırıb şeir söyləməsini elə şirin bir dillə təsvir edir ki, oxucunun gözü önündən M.Müşfiqin coşqun təbiəti, canlı və real obrazı gəlib keçir. Oxucu hiss edir ki, bu şairlərin arasındakı münasibət çətinliklərlə dolu mübarizədə bərkimiş bir dostluq olmuşdur:

Günlərimiz bir vamda keçməsi.
Yaxşısı da oldu, pisi də.
Könlün qazancı da oldu,
ömrün itkisi də.
Mübahisəmiz də oldu,
münaqişəmiz də.
Canlı insan idik biz də.

R.Rzanın xatirələrində M.Müşfiq həm də şeir dəlisi, sənət fədaisi, coşqun və çılğın təbiətli bir şair kimi canlanır:

Dostları çox idi,
bütün yaxşı insanlar kimi.
Ürəyi sadəydi, zəngin idi,
Bahar kimi.
Tək-nadir deyildi.
Şairlərdən biri,
vətəndaşlardan biri,
ən yaxşı adamlardan biri idi.
Hər şeydən artıq şeirin əsiri idi.

R.Rzanın poemada başlıca müvəffəqiyyəti M.Müşfiq obrazı vasitəsilə zamanın obrazını, dövranın dramatizmini və faciəsini əks etdirə bilməsidir. Poemada bu yaradıcılıq vəzifəsini müəllif bir axşamüstü Müşfiqdən ayrıldığını təsvir etdiyi hissədə canlandıra bilmişdir. Dostlar səhər görüşmək ümidi ilə ayrılırlar. Lakin səhər olur, onlar görüşə bilmirlər, vaxt ötür, Müşfiq gəlib çıxmır… Bu hissədə artıq şair dövrü, repressiya illərinin sərt, dəhşətli gerçəkliyini canlandırır, M.Müşfiq kimi bir istedadlı sənət adamının məhv edən həmin günləri lənətlə xatırlayır.
«Qızıl gül olmayaydı» poeması təkcə M.Müşfiqin yox, repressiya qurbanı olmuş minlərlə namuslu, günahsız Azərbaycan ziyalısının xatirəsini əbədiləşdirən gözəl sənət əsəridir. Poema bu gün də oxucular tərəfindən hərarətlə qarşılanır və sevilə-sevilə oxunur.

Bu bloq yazısını dəyərləndir

Related Articles

Back to top button