S.Rəhimovun «Minnətsiz çörək» əsərinin təhlili mövzusunda inşa
Xalq şairi Səməd Vurğunun «ədəbiyyatımızın ağır artileriyası» adlandırdığı Süleyman Rəhimovun «Minnətsiz çörək» hekayəsinin epiqrafında oxuyuruq:
El mənə bir huma adı verirkən,
Yapalaq olmağı ar bilirəm mən.
S.Rəhimov Xaqani Şirvaninin məlum şeirini öz əsərinə təsadüfən epiqraf seçməmişdir. Yazıçı hekayədə insan, onun şəxsiyyəti, mənəvi təmizliyi, daxilən sərbəstliyə can atması kimi bütün zamanlarda aktual olan həyati məsələləri ön plana çəkmişdir. Elə əsərin adı da buradan götürülmüşdür: «Minnətsiz çörək».
Yazıçı əsərin baş qəhrəmanı Mirzə Valehin timsalında eyş-işrətə uymayan, dünya malına baş əyməyən, mənliyini uca tutan, vüqarlı bir insan obrazı yaratmışdır.
Mirzə Valeh varlı-hallı Hatəm xanın təmtəraqlı mənzilində yaşayır və onun uşaqlarının təlim-tərbiyəsi ilə məşğul olur. Hatəm xan, onun xanımı Həlimə xatun öz uşaqlarının xatirinə Mirzə Valehə hədsiz qayğı göstərirlər. Xan həmişə Mirzə üçün qiymətli parçalardan dəst-dəst paltar tikdirər, çayını pürrəng, xörəyini çolpalı, döşəyini dördqat, mütəkkəsini qalın edərdi. Fəqət nə dəbdəbəli mənzildə yaşaması, nə gen-bol maddi təminat dünyanın gedişatını yaxşı bilən, bütün elmlərə vaqif olan Mirzə Valehi qane etmir. O, xoşbəxtliyi başqa şeydə – minnətsiz çörək yeməkdə, azad yaşamaqda və sərbəst ölməkdə görür. Beləliklə, Mirzə Valehin düşdüyü mühitlə onun azad təbiəti arasında kəskin təzad vardır.
Düşdüyü mühitlə onun xarakteri arasındakı bu ziddiyyət Mirzə Valehi sıxır, onu qəm-qüssəyə batırır. Mirzə Valeh daim narahatlıq içində yaşayır. O, Hatəm xanın səmimiyyətinə inanmır, başa düşür ki, xanın ona etdiyi xərcin, haqq-hesabın arxasında başqa məqsəd dayanır.
Hadisələrin sonrakı inkişafı Mirzə Valehin öz gümanında yanılmadığını təsdiqləyir. Mirzə Valehin Hatəm xanın söz eşitməyən, verilən dərsi əzbərləməyən, dəftər-kitabını cırıb ayaqiar altına atan sonbeşiyi Gəraya nəsihətlər verməsi xanın xoşuna gəlmir və Mirzəyə qarşı əsl münasibətini büruzə verir. Xanın söylədiyi aşağıdakı sözlərə diqqət yetirək: «Qəribə və ağılsız qocadır, heç bilmir ki, mənim üstümə hansı qiymətə oturmuşdur? Bir uşaq ilə məşğul olmağa qarnı ağrıyır!» Bu sözlər Hatəm xanın simasını üzə çıxarır. O, Mirzə Valehin müxtəlif elmlərdən baş çıxarmasını, yüksək mənəvi keyfiyyətlərə malik olmasını, ətrafdakıların hörmətini qazanmasını lazımınca qiymətləndirmək iqtidarında deyil. Onun qənaətinə görə, Mirzə Valeh onun çörəyini yeyirsə, evində rahat mənzildə yaşayırsa, buna görə xana minnətdar olmalı, ona itaət göstərməli və heç bir iddiada bulunmamalıdır.
Əsərdə təsvir olunan Yədullah xan da xaraktercə Hatəm xana oxşayır. O da dar düşüncə sahibidir, yüksək insani hisslərdən məhrumdur, varlı-hallı olmayan insanlara yuxarıdan aşağı baxır. Onun qənaətinə görə, vardövlətin, bəxşişin gücünə insanları sındırmaq, onların şəxsiyyətini alçaltmaq mümkündür. O, elm, mərifət sahibi Mirzə Valehi yalnız əylənmək xatirinə öz məclisinə dəvət edir, Yədullah xanın söylədiyi «Naməni elə yazmışam ki, Mirzə Valeh təpəsi üstə gələr» kəlməsi onun daxili aləmi barədə daha dolğun təsəwür yaradır. Həyatın mənasını məhdud maddə dairəsindən qiymətləndirən xan əmindir ki, Mirzə Valeh ona göndərilən bəxşişin – yəhərli-yüyənli köhlən atın müqabilində inadından dönəcək və kef məclisini əyləndirməyə gəlməyə məmnunluqla razılıq verəcək. Xanın belə düşünməsi onun həyat tərzi ilə bağlıdır. Yədullah xan və onun ətrafındakılar həyata yalnız maddi maraq gözü ilə baxırlar. Buna görə də onlar Mirzə Valehin bəxşişdən imtina edib kef məclisinə gəlməməsinin səbəbini başa düşə bilmirlər.
Beləliklə, maddi cəhətdən hər şeylə təmin olunmuş xanlar Mirzə Valehin uca şəxsiyyəti, saf mənəviyyatı ilə müqayisədə çox rəzil görünürlər. Əksinə, öz qürurunu axıradək qoruyub saxlayan, minnətsiz çörək yeməyi hər şeydən üstün tutan Mirzə Valeh oxucunun nəzərində ucalır. O, Hatəm xanın imarətində hər şeylə təmin olunsa da, buradakı sıxıntıya dözə bilmir, kasıb bir komada, lakin azad yaşamağa üstünlük verir. Müəllifın oxucuya aşılamaq istədiyi əsas ideya da bundan ibarətdir. Dünyaya gələn insan minnətsiz çörək yeməli, azad yaşamalıdır.
Əsərdəki Adillə Aqil surətlərinə də diqqət yetirmək gərəkdir. Bu iki qardaş xan nəslindən olsalar da, öz müəllimləri Mirzə Valehin hərəkətlərini düzgün qiymətləndirir və onu unutmurlar. Bununla müəllif Mirzə Valehin gözəl müəllim, kamil tərbiyəçi olduğunu, onun əməyinin bəhrə verdiyini nəzərə çatdırmaq istəmişdir.