Şifahi xalq ədəbiyyatının xüsusiyyətləri mövzusunda inşa

Azərbaycan şifahi xalq ədəbiyyatı çox qədim bir tarixə malik bədii söz xəzinəsidir. Xalqımızın min illər ərzində düzüb-qoşduğu zəngin bədii nümunələr, atalar sözləri, tapmacalar, lətifələr, əfsanələr, nağıllar, dastanlar və s. ağızdan-ağıza keçərək əsrlər boyu yaşamış, cilalanaraq dövrümüzə qədər gəlib çıxmışdır. Bu ədəbiyyat şifahi şəkildə yaranmış, şifahi şəkildə də yayılmışdır. Onun üzərində çoxları işləmiş, ilkin müəlliflər yaddan çıxmış və o, əsl söz xəzinəsinə, xalq ədəbiyyatına çevrilmişdir.
İlkin şifahi xalq ədəbiyyatı nümunələrinin nə vaxtdan yarandığı haqqında dəqiq fikir söyləmək çətindir. Lakin təxmini şəklində bu bədii söz örnəklərinin ibtidai icma quruluşunda və ondan sonrakı dövrlərdə meydana çıxdığını demək mümkündür. Şifahi xalq ədəbiyyatının ən qədim nümunələri kimi isə əmək nəğmələrini qəbul etmək olar. Qədim insanların əmək və zəhmət anlarında görülən işin ahənginə uyğun dediyi, işlətdiyi sözlər get-gedə nəğmələrə çevrilmiş və əmək nəğmələri kimi zəmanəmizə qədər gəlib çıxmışdır.
Şifahi xalq ədəbiyyatı nümunələri çoxvariantlıdır. Bu nümunələr şifahi şəkildə yaranıb, şifahi şəkildə yayıldığına görə bəzən xalq içərisində bir bayatının, bir atalar sözünün, bir tapmacanın bir neçə variantına rast gəlmək mümkündür.
Şifahi xalq ədəbiyyatının ən gözəl xüsusiyyətlərindən biri onun xalqın həyatı, tarixi ilə bağlı olmasıdır. Bu ədəbiyyat nümunələrində xalqın həyatında baş verən ən əsas hadisələr öz əksini tapır. «Kitabi-Dədə Qorqud», «Koroğlu», «Qaçaq Nəbi» dastanlarında bu cəhəti aydın bir şəkildə görmək mümkündür. Bu əsərlər vasitəsilə biz xalqımızın həyatında baş verən ən əlamətdar hadisələrlə tanış oluruq.
Şifahi xalq ədəbiyyatı bu gün də yaranır və yazılı ədəbiyyatla qarşılıqlı təsir əsasında paralel şəkildə inkişaf edir. Bu ədəbiyyat nümunələri yazılı ədəbiyyitımız üçün zəngin materiallar verir və eyni zamanda özü də bəzən yazılı ədəbiyyat materialları hesabına zənginləşir. Məsələn, yazılı ədəbiyyatımızın görkəmli nümayəndəsi M.P.Vaqif haqqında yaradılmış «Hər oxuyan Molla Pənah olmaz» ifadəsi şifahi xalq ədəbiyyatımızda zərb-məsəl kimi geniş yayılmışdır.
Şifahi xalq ədəbiyyatı xalqın arzu və istəyindən doğan, bu arzu və diləkləri bədii şəkildə ifadə edən xalq sənəti nümunələridir. Xalqın ürəyindən gələn xeyirin şər üzərində qələbəsinə inam xalq yaradıcılığı nümunələrinin əsas səciyyəvi cəhətlərindəndir. Bu ədəbiyyat nümunələrində xeyirxah qüvvələri təmsii edən müsbət qəhrəmanların son olaraq düşmən üzərində zəfər çalması oxucuda nikbin bir əhvali-ruhiyyə oyadır, onları xeyirxah işlər görməyə, insanlıq, vətən, həqiqət, azadlıq uğrunda mübarizələrə səsləyir. Bu ədəbiyyat xalqımızın mənşəyi, tarixi inkişaf yolları, adət və ənənələri, baxış və görüşləri haqqında zəngin məlumat verir, bizi tarixi keçmişimizlə yaxından tanış edir, bizi babalarımızın qəhrəmanlıq ruhunda tərbiyə edir.
Şifahi xalq ədəbiyyatı nümunələri bizdə mərdlik, qəhrəmanlıq, vətənə məhəbbət, insanpərvərlik, əməksevərlik və s. kimi nəcib insani keyfıyyətlər tərbiyə edir, həyatda baş verən hadisələri daha düzgün anlamaqda, onları daha düzgün qiymətləndirməkdə bizə yaxından kömək edir.

Bu bloq yazısını dəyərləndir

Related Articles

Back to top button