Vətən qarşısında öz borcumu nədə görürəm mövzusunda inşa
Sultan Hüseyn Bayqara şöhrət günəşinin üfüqə enən çağında Şah İsmayıl Xətayiyə səmimi bir məktub yazır və könlünü almaq üçün ona rəqqasələr dəstəsi göndərir. Şah Ismayıl isə saray rəqqasələrinə baxıb başını bulayır və deyir: «Mənim eyş-işrətə vaxtım yoxdur. Mən vuruş adamıyam, gərək rahatlanmadan məmləkətimin ətrafında at cövlan etdirəm.»
Bu sözləri xatırlayanda insan qəlbindən həzin bir titrəyiş keçir. Belə ruha, belə məsləkə heyran qalmamaq olmur. Kövrəlirsən, qürurlanırsan, fəxr edirsən öz keçmişinlə, ulu babamız Xətayinin odlu-alovlu qəlbi ilə, polad tək möhkəm Vətən qeyrəti ilə. Lakin bu güc, bu məram təkcə Şah Ismayıl Xətayinindirmi?
Mənə elə gəlir ki, bu məram bizim hamımızındır. Bu, bir ana laylasıdır, həzin musiqisi ilə qanımıza, canımıza hopub. Bu, bir ana nəsihətidir, dərin mənası ilə beynimizə, idrakımıza həkk olunub. Uşaq doğulanda ona verilən ilk dərs də gərək bu ola. Sənin borcun vətəni, doğma torpağı qorumaq, ona xidmət etməkdir!
Vətən sevgisi əzəli və əbədi bir qəlb odudur, heç vaxt öz təravətini və gücünü itirmir və elə buna görədir ki, insan bu sevgiyə köklənəndə dünyanın bütün gücü onun qoluna toplaşır, göyün bütün işığı və nuru onun qəlbinə, fikrinə dolur. Mən də bütün qəlbimlə ana ocağına, ata yurdum Azərbaycana – Odlar diyarına, bu müqəddəs torpağa bağlıyam. Onun fərəhi mənim fərəhim, onun kədəri mənim kədərimdir.
İnsan qəlbinin ən böyük nəğməsi Vətən nəğməsidir. Sonsuz onilliklərə, doğma torpağa dikilmiş bütün məhəbbətli gözlər, hələ beşikdə çırpınan balaca körpələrimizin ürkək qəlbləri ancaq bu nəğməni zümzümə edir. Bu nəğməni hərə bir cür oxuyur. Onu döyüş harayı, Koroğlu nərəsi, qılınc zərbəsi ilə oxuyanlar da olub, bulaq pıçıltısı, qadın isməti, Nigar vəfası, Həcər sədaqəti ilə oxuyanlar da.
Mənim də qəlbimdə doğma yurduma həsr etdiyim öz nəğməm var. Bu nəğmənin hər kəlməsi vətəndir, hər notu, hər səsi vətən sevgisi ilə yoğrulmuş əzəli və əbədi bir musiqidir.
Mən öz Vətənimi – doğma Azərbaycanımı hədsiz bir məhəbbətlə sevirəm. Mənim müqəddəs borcum Vətənə, onun çiçəklənməsinə xidmət etmək, Vətənin hər qarış torpağına sinəmi sipər edib onu qorumaqdır. Xüsusən indiki vaxtda, vətən ərazisinin beşdən bir hissəsinin yağı tapdağı altında olduğu bir zamanda Vətən bizdən daha böyük hünərlər gözləyir və mən bütün qanımla, bütün canımla onu qorumağa hazıram. Mən Vətənə borcumu bu gün oxumaqla, sabah isə müstəqil Azərbaycan ordusunda vuruşmaqla, iqtisadiyyatın və mədəni-siyasi həyatın müxtəlif sahələrində çalışmaqla verəcəyəm. Vətəni qorumaq, onu inkişaf etdirmək və çiçəkləndirmək bizim hamımızın şərəf işi, vətəndaşlıq borcudur.
Səndən hansı namərd əsirgəyər can?
Qoyaram başımı ayaqlarına,
Ey, ana torpağım! Ey, Azərbaycan!