Xeyirxah olmaq nə deməkdir ? mövzusunda inşa
Əsrlərdən bəri dünyada xeyir və şər mübarizə aparır. Uşaqlıqda bizə oxunan nağıllardan bizdə xeyirin həmişə qalib gələcəyinə inam var idi. Amma böyüdükdə reallığın tam fərqli olduğunu gördük və ədalətə olan güclü inam yavaş-yavaş sarsılmağa başlayır. Yazdığım bu inşada, mən, yaxşılıq və savab əməl etmiş yüzlərlə insanın adını çəkə bilərəm, bu hadisələrin timsalında xeyirin şərə qalib gəlməsini misal gətirə bilərəm. Lakin mən, digər bir mövzuya toxunmaq istəyirəm. Nəyə görə bəzən cəmiyyətdə şər xeyirə qalib gəlir? Nədir bunun sirri?
Hələ uşaqlıq vaxtından biz tez-tez eşidirik «uşaqlar bizim gələcəyimizdir ». Amma son illərdə, valideynlər tərəfindən atılmış uşaqların sayı durmadan artır. Onlar evin sevgisindən, valideyn nəvazişindən məhrum olmuşlar. Hər bir mədəni ölkədə insanların maddi və mənəvi rifah səviyyəsini hesablayarkən, mütləq uşaq evlərində kimsəsiz uşaqların sayı və qocalar evində yaşayan kimsəsiz qocaların statistikası nəzərə alınır.
Yadda saxlamaq lazımdır ki, ən gözəl şəraiti olan və nəvazişli müəllimlərdən ibarət olan uşaq evi, heç vaxt uşaq üçün ailə mühitini əvəz edə bilməz. Lakin, bu fakt bizim cəmiyyətdə vardır və biz bundan qaça bilmərik. Uşaq evində böyüyən uşaqlara xüsusi mərhəmət göstərilməli, onlara çox incə və dürüst rəftar edilməlidir. Belə ki, internatda müəyyən bir yaş dövrünə kimi qalan bu uşaqlar, natamam orta təhsil alan kimi, onlar həyatla təkbətək qalırlar. Bizə isə aydındır ki, hər insan daim ətrafdakıların qayğı və diqqətini hiss etməlidir ki, cəmiyyətdə yaşamaq, ictimai həyatın təlatümlərinə adaptasiya dövrünü rahat keçsin. Heç kim onlara yardım etmir. Ətraflarındakı qəddarlıq və biganəlik onları qapalı edir. Bu cür davranış onlarda yaxşılığa inamı öldürür, qəddarlığa qarşılıqlı cavab reaksiyası yaradır. Burada gənc artıq düşünür. «Əgər insanlar mənə qarşı qəddar və amansızlarsa, mən niyə onlara qarşı yaxşı olum?»
İlbəil kimsəsiz uşaqların törətdikləri cinayətlərin sayı artır.
Burada, həyata yenicə qədəm qoymuış bu gənclərin qarşısında cəmiyyətin vəzifəsi və borcu nədir. Əlbəttə ki, bu gənclərə mərhəmət, xeyirxahlıq və qayğı göstərmək lazımdır. Bizim cəmiyyətdə bu məsələyə ciddi fıkir verilməsindən, bu cür neqativ hallara rast gəlinir. Özlərinə qarşı mərhəmət və xeyirxahlıq görən bu gənclərdə xeyirə və ədalətə qarşı inam yaranır və onlarda təbii olaraq, yaxşı əməllərə meyil etmələri ilə nəticələnir.
Xeyirxahlığın ilk addım olması, bizim gələcəyimiz olan uşaqların yaddaşına tam həkk olunmalıdır.