Xeyirxahlıq nədir? mövzusunda inşa
Ən gözəl insani keyfiyyətlərdən biri də xeyirxahlıqdır. insan insanın dostu, yoldaşı və qardaşıdır. Xeyirxahlıq insanlar arasındakı münasibətlərdə təzahür edir, təmənnasız, heç bir əvəz ummadan edilən yaxşılıq kimi meydana çıxır.
Hələ ən qədim yazılı abidəmiz olan «Avesta»da həyat xeyirlə şərin mübarizəsi şəklində verilir və bu mübarizənin gec-tez xeyirin qələbəsi ilə bitəcəyi göstərilir. Bu da onu göstərir ki, xeyirin şər üzərindəki qələbəsi bəşərin öz arzusu, öz amalıdır.
Şair və yazıçılarımız da öz əsərlərində həmişə xeyirxahlığa geniş yer vermiş, xeyirin şər üzərindəki qələbəsini əks etdirmişlər. Bu cəhətdən dahi şairimiz Nizami Gəncəvinin «Xeyir və Şər» mənzum hekayəsi diqqəti daha çox cəlb edir. «Yeddi gözəl» poemasında Çin şahzadəsinin söylədiyi bu hekayətdə xeyirlə şərin mübarizəsi əks etdirilir. Əsərdə Xeyir, kürd və kürdün qızı xeyirxah qüvvələr, xeyirxahlığı təmsil edən surətlərdir. Şər isə burada pisliyi, mənfiliyi əks etdirir.
Susuz səhrada Xeyir bir içim su üçün Şərə yalvarır, ona qiymətli ləl təklif edir. Lakin Şər öz adı kimi iş görərək nəinki Xeyirə su vermir, əksinə, gözlərini də çıxararaq onu tək-tənha qoyub gedir. Xeyiri bir kürd qızı xilas edir. Gözlərini isə qızın atası sağaldır. Xeyir bunların yanında qalaraq bir ailə kimi yaşayır. Kürd ona öz doğma övladı kimi münasibət göstərir, qızını da Xeyirə verərək bütün var-dövlətini onun sərəncamına verir. Xeyir, kürd və kürd qızı arasında olan münasibətlər təmənnasız olub, əsl xeyirxahlıq nümunələridir. Onların hər birinin xeyirxahlığı cavabsız qalmayıb, digəri tərəfindən yüksək qiymətləndirilir.
Yenə qayıdacaq, o itən deyil.
Xeyirin yaxşı işləri bununla bitmir. O, öz ölkəsinə qayıdarkən adına uyğun hərəkət edərək xəstə şah qızını sağaldır, heç bir təmənna güdmür. Ona var-dövlət təklif edən şaha Xeyir belə söyləyir:
Mənim verəcəyim dərman-dava da
Allah rizasına veriləcəkdir.
Mənfur Şərin isə əsərdə aqibəti öz xasiyyətinə uyğun olur, onun xəyanət üzərində qurulan səadəti heçə dönür, puç olur.
Hekayə şərin, zülmün uzun sürməyəcəyinə, xəyanətkar adamın gec-tez cəzaya çatacağına oxucunu inandırır. Insan səadətinə yüksək qiymət verən şair xoşbəxtliyin qədrini bilməyi, insanlara bir-birinə arxa, dayaq olmağı, həyatı gözəlliklər və dünya nemətlərindən birlikdə faydalanmağı tövsiyə edir.
Hekayədə bir daha təsdiq olunur ki, xeyirxahlıq, yaxşılıq, düzlük, ədalət zərbələrə məruz qala bilər, əzilə bilər, lakin heç vaxt məhv edilə bilməz. Vicdanı pak, nəfsi təmiz olan insanlar heç vaxt xeyiri məhv etməyə qoymazlar. Bəşəriyyət həmişə insanlığa bəla kəsilmiş şərə qarşı mübarizə aparmalı, xeyirxahlığı, ədaləti yaşatmalı, şəri, zülmü məhv etməlidir.